Xəbər - Elçin Mehdiyev – Trend:
Son günlər Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində ardıcıl təxribatlara əl atır, həmçinin qanunsuz erməni silahlı birləşmələri Qarabağda ordumuzun mövqelərini atəşə tutur. Bütün bunlar Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Ermənistanın ardıcıl şəkildə bu cür silahlı təxribatlar törətməsi heç də təsadüfi deyil: “Ermənistan çalışır ki, bu cür təxribatlar törətməklə Azərbaycanı da cavab tədbirləri görməyə təhrik etsin və gərginliyin miqyasın artırmaqla Azərbaycanı günahlandırsın. Məlumdur ki, Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri nəzərdə tutulur. Ermənistan bu vəziyyətdən istifadə edib süni gərginlik yaradır və vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır”.
Deputat əlavə edib ki, digər tərəfdən Ermənistanın bu təxribatları Rusiya sülhnəramlılarına qarşı yönəlib: “Ermənilər bu yolla Rusiya sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini, onların missiyasının uğursuz olduğunu göstərməyə çalışırlar”.
A.Həsənova vurğulayıb ki, Ermənistan tərəfi əslində vəziyyəti gərginləşdirməkə özünü daha ağır duruma salır: “Bundan əvvəlki təxribatların da nəticələri hər kəsə məlumdur. Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır”.
Deputat qeyd edib ki, bu gün Ermənistan dərin siyasi və sosial-iqtisadi böhran içərisindədir: “44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Ermənistansda höküm sürən böhran daha geniş miqyas alıb. Azərbaycan dəfələrlə bəyan edib ki, müharibədən sonra regionda yeni vəziyyət yaranıb və Ermənistan da yeni yaranmış vəziyyətdə əməkdaşlıqdan faydalana bilər. Lakin Ermənistan tərəfi yeni yaranmış əməkdaşlıq mühitindən faydalanaraq böhrandan çıxmaq əvəzinə növbəti təxribatlara əl atır. Bu bir daha Ermənistanın sülh və əməkdaşlıq tərəfdarı olmadığını göstərir”.