2023-cü ilin birinci yarısında iqtisadi fəallığın göstəriciləri Ermənistanda ölkə iqtisadiyyatının rəqabət üstünlüklərinin uzunmüddətli artımı üçün ilkin şərtlərin olduğunu deməyə əsas vermir.
AzerTimes xəbər verir ki, bu sözləri erməni iqtisadçı Armen Ktoyan deyib.
Ekspert sözlərinə görə, rəsmi statistikaya nəzər yetirdikdə yaxşı nəticələrə səbəb olan 3-5 faktordan və ya stimuldan danışmaq olar:
“Lakin iqtisadi proseslərin keyfiyyətcə yüksəlişindən danışmaq tezdir. İqtisadiyyatda 11% artım olubsa, bu, yaxşıdır. Ancaq bu artıma səbəb olan istiqamətləri və ya amilləri araşdırsaq, onların müəyyən mənada qısamüddətli olduğunu görərik. Söhbət ticarətdən, xidmətdən, tikintidən gedir. Yəni, bu, iqtisadiyyatın rəqabət qabiliyyətinin artdığına dəlalət etmir”.
Qeyd edək ki, Ermənistanda iqtisadi aktivlik bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artıb. Ermənistanın ən inkişaf etmiş ölkələri belə iqtisadi fəallıqda qabaqlaması müzakirə mövzusudur. Halbuki bu “sıçrayışa” səbəb Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində Ermənistanın oynadığı rolla bağlıdır.
Ermənistan sanksiya altında olan malları Avropadan idxal edərək, onu Rusiyaya ötürməklə külli miqdarda gəlir əldə edir. Bunun nəticəsində Ermənistanın Rusiyaya ixracı 4 dəfədən çox artıb.