Ermənistan sürətlə böyüyür: Zəngəzurdan imtina edək!

Ermənistan sürətlə böyüyür: Zəngəzurdan imtina edək!

Ermənistanın dövlət büdcəsi 2024-cü il üçün kəskin şəkildə artıb və 7,77 milyard dollara çatıb. 2023-cü ildə bu rəqəm 6,3 milyard idi, ancaq ilin ortasında həm dolların kursundakı dəyişiklik, həm də artımla bağlı 6,6 milyard dollardan yuxarı qalxmışdı.

Belə görünür ki, Ermənistan büdcəsi bir ildə 1,1 milyard dollar artıb.

2022-ci il üçün Ermənistanın iqtisadi artımı 12 faizdən çox idi, 2023 və 2024-cü illərdə bu rəqəmin 7 faizin üzərində olacağı gözlənilir.

Ermənistan dövlət büdcəsinin təxminən 85%-i büdcə daxilolmaları hesabınadır – yəni daha dayanıqlıdır, təbii sərvətlərdən asılı deyil.

Azərbaycanın dövlət büdcəsi 2024-cü il üçün 22 milyard dollara yaxındır – 36,8 milyard manat civarında. Təxminən 34 milyard gəlir nəzərdə tutulur ki, bunun da 12,7 milyardı Neft Fondundan transfer olacaq. Demək, vergi daxilolmalarının büdcədə payı 60 faizə yaxındır ki, bu da yüksək göstərici deyil. Üstəlik, 2023-cü ildə büdcəmizə yenidən baxarkən, xərclər 36,6 milyard, gəlirləri isə 33,8 milyard manata qaldırılmışdı. Bu hesabla 2024-cü il üçün büdcə artımı 200 milyon manat – təxminən 120 milyon dollardır?

Əlbəttə, 2024-cü ildə büdcəyə təkrar baxılacaq və əhəmiyyətli artım olacaq – necə ki, 2023-cü il büdcəsi artırılmazdan öncə, proqnozlarda xərcləri 33,4 milyard, gəliri 30,8 milyard dollar idi.

Ancaq unutmayaq ki, Ermənistanda 2024 büdcə proqnozu 2023-cü ilin artımından sonra ilə müqayisədə 1,1 milyard dollar çoxalıb.

Ermənistan iqtisadiyyatının 2022-ci ildən başlayaraq, bu qədər sıçrayışla böyüməsinin səbəbləri aydındır: AB-nin ciddi iqtisadi dəstəyi, 3 milyardı aşan maliyyə yardımı, qrantlar öz yerində, əsas səbəb Rusiyaya tətbiq edilən sanksiyalardır. Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə 4 dəfədən çox artıb, Rusiyadan pul axını da kəskin çoxalıb. Rusiya sahibkarları sanksiyalardan yayınmaq üçün Ermənistanda müəssisələr yaradırlar və pul yatırırlar, xarici əlaqələri bu ölkənin üzərindən edirlər. Nəticədə Ermənistanda son bir ildə 10 mindən çox rus şirkəti açılıb – hamısı da Ermənistan büdcəsinə külli miqdarda vergi verir.

2023-cü il göstəricisi daha yüksəkdir: Rusiyaya ixracda 2022-ci ildəki 4 dəfə artım 2023-cü ildə daha 2,1 dəfə çoxalıb. Faktiki olaraq Ermənistana Rusiyaya sanksiyalara görə milyardlar sel kimi axır. Ermənistan bu vəsaitləri hara yönəldir?

Ermənistan Baş naziri Paşinyan fəxrlə deyir ki, 2018-ci ildən indiyə qədər hərbi büdcə 110 faizə qədər artırılıb – nəzərə alaq ki, Ermənistan elə bu il Hindistan və Fransadan yüz milyonlarla dollara silah-sursat alıb və yaxud hərbi saziş bağlayıb.

Xatırlayırsınızsa, bir neçə il öncə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çox idi: indi hərbi hərclərimiz Ermənistanın dövlət büdcəsindən 3 dəfə azdır.

Əlbəttə, bu, Ermənistanın iqtisadi göstəricilərə görə bizi qabaqladığı anlamına gəlmir: büdcəmiz də, ərazimiz də, əhalimiz də Ermənistandan 3 dəfə böyükdür – Ordumuzu isə qətiyyən müqayisə etməzdim. Hələ onu demirəm ki, hazırda ölkənin resurslarının əhəmiyyətli hissəsi Qarabağa xərclənir. Qısa müddətdə Qarabağ ölkə iqtisadiyyatına da inteqrasiya olunacaq və nəinki ora əlavə vəsait gedəcək, əksinə, Qarabağ iqtisadi rayonu ölkəmizin gəlirlərində məxsusi yerini tutacaq. Yəni Qarabağdakı bərpa-quruculuq işləri həm də dövlətimizin investisiyasıdır – yaxın illərdə bu investisiyanın nəticəsini parlaq şəkildə iqisadi həyatımızda görəcəyik.

Ancaq fakt odur ki, Ermənistan iqtisadiyyatı inkişaf edir və erməniləri onillərdir yaxşı tanıyan şəxs kimi əminliklə bəyan edirəm ki, bu ölkənin inkişafı regiona yaxşı heç nə vəd etmir. Ermənistan 2016-cı ildən bəri ona görə darmadağın edilir, ona görə bütün platformalarda məğlub olur ki, Azərbaycan bu ölkəni “dalan respublikasına” çevirməyi bacardı – bütün transmilli layihələrdən kənarda qoydu.

Ermənistanın iqtisadi baxımdan “sıçrayışlı” artımı müvəqqətidir: Rusiya faktoru aradan qalxan kimi Ermənistan iqtisadiyyatı da çökəcək. Ancaq bu, yaxın illər üçün deyil.

Ermənistan hakimiyyəti də bunu yaxşı bilir və cidd-cəhdlə regional layihələrə qoşulmağa çalışır ki, bir neçə ildən sonra Rusiyaya sanksiyalarla əldə etdikləri imkan yox olanda, iflas etməsin. Paşinyan ona görə Ermənistanı “nəqliyyat habına” çevirməyə çalışır; ona görə yeni layihələr təqdim edir; ona görə keçid üçün “sadələşmiş gömrük və vergi proseduru” təklif edir.

Əlbəttə, bu barədə iqtisadçılar daha mükəmməl dəyərləndirmə apara və təkliflər verə bilər – biz mövcud statistikaya qeyri-iqtisadi, ümumi-siyasi baxşımızı təqdim edirik. Elə buna görə də təklif edirik ki, Zəngəzur dəhlizini birdəfəlik yaddan çıxaraq – İrandan keçən marşrut daha məqsədəuyğundur: həm İranla əlaqələrin genişlənməsi baxımından, həm də gələcək milli hədəflərə görə. Heç vaxt nəzərdən qaçırmayaq ki, hazırda İrandan keçməsi nəzərdə tutulan dəhliz-yol Güney Azərbaycan ərazisidir və İran bütün tarixi boyu Güney Azərbaycanın nə vaxtsa ayrılacağını hər zaman düşünüb və deyib.

Bir xatırlatma: hələ 1995-ci ildə Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair İran Nazirlər Kabinetinin iclasında həmin vaxt xarici işlər naziri vəzifəsini tutan Əli Əkbər Vilayəti demişdi: “Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (Güney Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”.

Vilayəti hazırda da yüksək vəzifə tutur və Xameneinin müşaviridir.

Bu baxımdan Ermənistana iqtisadi şans tanıyan, onu regional oyunçuların dəstəsinə qoşan bir layihədən İrəvanın kənarda saxlanılması, “dalan respublikası” kimi qalmaqda davam etməsi siyasəti daha məqbuldur.

Zəngəzur dəhlizi ilə xalqlar arasında münasibətlərin istiləşməsinin də sürətlənəcəyi şübhəsizdir. Ermənilərin yenidən içimizə girməsinə razıyıqmı? Yalnız bir əsrdə – 20-ci yüzildə 4 dəfə irimiqyaslı soyqırım və deportasiyanı unudub, erməniləri içimizdə əzizlədik – acı nəticəsi hələ evimizdədir.

Mən ermənilərlə heç bir ünsiyyət, yaxınlaşma istəmirəm – siz özünüz bilərsiniz!

Teqlər: