Xəbər - Samir Əli – Trend:
Ermənistan dövləti, cəmiyyəti savaşın acı nəticələrindən, sarsıdıcı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyib.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib.
O bildirib ki, onilliklər boyu yalançı, saxta “ideyalara” əsaslanıb, işğalçı siyasət yürütməyin aqibətini erməni xalqı, lobbisi, hakimiyyəti aydın gördü.
“Onların “qalib” durumda olduqları dövrlər belə tam tənəzzül illəri idi. Ən əsası isə son 25 il ərzində Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə formalaşan yeni iqtisadi-ticarət-logistika əməkdaşlığı formatından bu dövlət kənar qalmış, tam təcrid vəziyyətinə düşmüşdür.
Erməni xalqının əksəriyyəti düçar olduğu ağır vəziyyətin, yaşadığı acınacaqlı durumun səbəbinin məhz işğalçılıq siyasəti olduğunu anlayır və Sarkisyan-Koçaryan cütlüyünün keçmiş hərbi xuntasını günahkar kimi qəbul edir. Bu dövlətdə keçirilən son parlament seçkilərinin nəticələri də erməni xalqının mövqeyini göstərdi. “Müharibə partiyası”na etimad göstərməyən ermənilər seçkilərə 10 noyabr Bəyannaməsinin öhdəliklərini, yəni təslimçilik aktının müddəalarını yerinə yetirəcəyi vədi ilə qatılan iqtidar partiyasına mandat verdi, Azərbaycanla müharibəyə yox, Azərbaycanla əməkdaşlığa səs verdi. Bu seçim Ermənistan rəhbərliyinə nəticə çıxarmaq üçün şərait yaradır. Həm də bizə və beynəlxalq birliyə bu ölkənin daxili auditoriyasının münasibətini öyrənməyə imkan verir. Digər hay-küylər, avantürist, revanşist bəyanatlar erməni xalqının həlledici hissəsinin mövqeyini əks etdirmir və sadəcə, məğlubların ucuz demoqogiyasıdır,” – deyə general-polkovnik deyib.