Təkcə 2023-cü ilin yanvarında Ermənistandan Rusiyaya avtomobil ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 200 dəfə artaraq, 180 milyon dollar təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Ermənistandan Rusiyaya antirusiya sanksiyaları şəraitində işlənmiş avtomobillərin idxalı sürətlə inkişaf edən ticarət marşrutuna çevrilib. Avtomobillər əsasən Gürcüstanın Poti limanından keçir. Sonra onların çoxu gömrük rəsmiləşdirilməsi üçün Ermənistana gətirilir, çünki Rusiya ilə rüsumsuz ticarət var (Aİİ çərçivəsində – red.). 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dan 2,8 milyon dollar dəyərində işlənmiş avtomobil idxal edib, bir il sonra bu rəqəm 29,5 milyon dollara, apreldə isə 34 milyon dollara çatıb. Rusiya istehlakçıları Qərbin sanksiyaları və korporasiyaların ölkədən çıxması səbəbindən üçüncü ölkələrdə böyük alışlar edirlər”, – məlumatda deyilir.
Bildirilir ki, Ermənistan üçün bu, böyük buma səbəb olub: 2022-ci ildə onun ümumi daxili məhsulu rekord miqdarda – 13% artıb ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur.
Qeyd edək ki, son bir ildə Ermənistandan yalnız iki şirkət ABŞ və AB-nin sanksiya siyahısına salınıb.