Hazırda Ermənistan təşviş içərisindədir, amma bu, süni təşvişdir. Paşinyan hökuməti və siyasi elita bunu qəsdən yaradır. Onlar bundan Azərbaycana qarşı qara piar kampaniyası üçün istifadə edirlər.
Bu sözləri AzerTimes-a açıqlamasında professor Qabil Hüseynli deyib.
Professor Ermənistanın təxribat törətməklə ölkəmiz haqqında beynəlxalq aləmdə təcavüzkar imici formalaşdırmaq niyyəti güddüyünü bildirib:
“Ermənistan özü silsilə təxribatlar törədərək Fransa və ABŞ-a, Qərbin aparıcı mətbuat orqanlarına, televiziya kanallarına Azərbaycanın vəziyyəti gərginləşdirdiyi haqqında tam saxta, yalan məlumatlar ötürür. Ortada heç bir şey yoxdur. Azərbaycan Ordusu özünün əvvəlcədən planlaşdırılmış, təlim-tədris proqramına salınmış təlimlərini keçirir. Əlbəttə ki, bunlarla bağlı da Müdafiə Nazirliyində cənab nazirin rəhbərliyi ilə müşavirələr və s. keçirilir. Ermənistan da təlimlərimizlə bağlı xəbərləri götürüb, Ordumuzun bir nömrəli döyüş hazırlığı səviyyəsinə gətirildiyi haqqında informasiyalar yayır. Sonra da ordularına bir nömrəli hazırlıq vəziyyəti elan edirlər. Yalanın daha da inandırıcı olması üçün AB-nin “mülki missiyası”nı da ərazidən tez-tələsik çıxarıb ölkənin içərisinə, daha çox paytaxta aparırlar, onların da beynini bu yolla zəhərləyirlər. Ermənistan cəmiyyəti həqiqətən də müdhiş bir yalan burulğanının içərisindədir. Bəzi hallarda sözügedən vəziyyət orada ölkədaxili böhrana çevrilir. Azərbaycan ədalətli sülh istəyir, Ermənistana hücum etmək niyyəti yoxdur, amma əlbəttə ki, istənilən təxribata cavab mütləq və adekvat şəkildə verilməlidir. Dövlətimiz Qarabağda özünün suverenliyini bərpa etmək üçün çalışır, planlar hazırlayır və atılacaq addımlar bütün dünyaya bəyan edilir. Bu da bizim tam şəkildə haqqımızdır”.
Qabil Hüseynli rəsmi İrəvanın eyni zamanda Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq üçün təxribatçı və təhrikedici addımlar atdığını vurğulayıb:
“Təxribatların arxasındakı digər səbəb Zəngəzurla bağlıdır. Lakin artıq dəhlizin açılması reallığa çevrilməkdədir, başqa cür də mümkün deyil. Ermənistan 10 noyabr Üçtərəfli bəyanatından geri çəkilə bilməz. İndi dəhlizlə bağlı məsələlərdə Rusiya və Ermənistan arasında ixtilaflar var. İxtilaflar da həmin əraziyə kimin nəzarət edəcəyi ilə bağlıdır. Ermənistan öz ərazisi olduğunu əsas gətirib dəhlizdə nəzarət və gömrük məntəqələri qurmaq, Rusiya isə ölkənin İranla sərhədində əsgərlərinin olduğunu bildirərək Zəngəzurda da nəzarətin onda olmasını istəyir. Əlbəttə, məsələ tək suverenlik yox, həm də gəlirlərin bölüşdürülməsi ilə bağlıdır. Ermənistan da tək çıxış yolunun Zəngəzur dəhlizi olduğunu anlayır. Təktərəfli inkişaf yoxdur, ona görə də oraya hansı dövləti gətirirsə gətirsin, axırda Azərbaycanın tələbini qəbul etməyə məcbur olacaq”.
Qeyd edək ki, “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan iki gün əvvəl erməni mediasına verdiyi açıqlamada Ermənistan ordusunun sərhədə cəmləşməsi və bir nömrəli hazırlıq səviyyəsi elan edilməsi haqda informasiyanı təsdiq edib.