Ermənistanın daim ikili oyun oynadığını qərbdə də, Rusiyada da
yaxşı bilirlər. Bu bir daha Ermənistan siyasi rəhbərliyinin
yalançı, saxtakar və ikiüzlü olduğunu göstərir. Qərb dövlətləri
eləcə də, Rusiya Ermənistana münasibətdə bu amilləri nəzərə
almalıdırlar.
Bunu Trend-ə
açıqlamasına Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat
Mirzəyan və Gürcüstan xarici işlər naziri David Zakaliani arasında
telefon danışığı baş tutub. Söhbət zamanı bir sıra məsələlər
ətrafında geniş müzakirələr aparılıb.
“Ötən ilin dekabrında Şərq Tərəfdaşlığı sammitində Azərbaycan,
Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular.
Prezident Əliyev dəvəti qəbul etdi. NATO Baş katibi Stoltenberq ilə
görüşdü. NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış
etdi. İclas 2 saatdan artıq çəkdi. NATO-nun 30 üzv dövlətinin
20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış
edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan
əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Azərbaycan
barədə xoş fikirlər söylədilər.
“Eyni zamanda, həmin dövrdə Gürcüstan rəhbərliyi də NATO-ya
səfər etdi və müvafiq görüşlər keçirdi. Rusiyanın qorxusundan
vassal və müstəmləkə dövlətin rəhbəri olan Paşinyan NATO-ya səfər
etməkdən boyun qaçırdı. Müxtəlif bəhanələrlə səfər və görüşdən
imtina etdi.
İndi Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə
əldə edə bilməməsini görərək Paşinyan və onun ikiüzlü komandası
NATO-ya və qərb ölkələrinə meyl edir. Bu vasitə ilə Gürcüstana
yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır”,
– C.Məmmədov vurğulayıb.
O əlavə edib ki, həmin vaxtda Paşinyan NATO-nun toplantısında
iştiraka yox deyəndə Rusiya güclü idi. İndi isə Rusiyanın
zəiflədiyini görən Paşinyan batmaqda olan gəmini tez tərk edən
siçovullara bənzəyir. Budur Paşinyanın saxtakar komandasının həqiqi
mahiyyəti.
“Heç şübhəsiz ki, Ermənistanın daim ikili oyun oynadığını qərbdə
də, Rusiyada da yaxşı bilirlər. Bu bir daha Ermənistan siyasi
rəhbərliyinin yalançı, saxtakar və ikiüzlü olduğunu göstərir. Qərb
dövlətləri eləcə də, Rusiya Ermənistana münasibətdə bu amilləri
nəzərə almalıdırlar”, – deputat bildirib.