Ümid edirik ki, Praqada əldə olunan razılaşmaların davamı olacaq. Əsas məsələ sülhə getməkdir. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə də işlər davam etdirilməlidir.
AzerTimes xəbər verir ki, bunu oktyabrın 29-da Türkiyə Cümhiriyyət Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, yaxın zamanlarda üçtərəfli görüş gözlənilir:
“Ümid edirik ki, Praqada əldə olunan razılaşmaların davamı olacaq. Hesab edirik ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini başa düşür. Ermənistanın məsuliyyəti beynəlxalq birlik qarşısındadır, öz öhdəlikləri qarşısındadır. Çünki müəyyən sənədlər imzalayan Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Öz milləti qarşısında Ermənistan öhdəlik daşıyır” – deyə nazir müavini bildirib.
O qeyd edib ki, bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur:
“Bu gün biz sülh müqaviləsinə nail olmalıyıq. Sülh müqaviləsi üçün vacib olan bütün addımları atmalıyıq. O addımlar konkret olmalıdır. O addımlar əldə olunmuş razılaşmalara uyğun olmalıdır. Artıq regionumuzda və region ətrafında vəziyyət o şəkildə inkişaf edir ki, artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan öz mövqeyini ortaya qoymalıdır və sülhə aparan yolda lazım olan bütün addımları atmalıdır”.