Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır – Naqif Həmzəyev

Ermənistan siyasi elitasının son dövrlərdə verdiyi müsahibələrdə erməni faşizminin iç üzü ortaya çıxır.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev qeyd edib ki, Serj Sərkisyanın və Nikol Paşinyanın müsahibələrində birbaşa hərbi cinayət törətdikləri etiraf olunur: “Onlar “İsgəndər” raketindən istifadə etdiklərini etiraf edirlər. Dəfələrlə ermənilərin əsl simalarının özlərini dünyaya təqdim etdikləri kimi deyil, qatil, terrorist, faşist ideyalarına xidmət etdikləri, xəstə təxəyyülə sahib olduqlarını söyləsək də, bizə inananlar çox az olurdu. Dediklərimiz sübut olunur. Ermənistanın eks-prezidenti Serj Sarkisyan müsahibəsində Şuşa döyüşlərində “İsgəndər” raketindən istifadə etdiklərini etiraf etmişdi. Nikol Paşinyan isə bu raketdən istifadə etsələr də, partlamadığını, ya da qismən partladığını açıqlayıb. Bu, onu göstərir ki, Azərbaycan hərbi hissəyə doğru şəkildə yatırım edib öz ordusunu formalaşdıra bildiyi halda, qarşı tərəf ordusunu köhnə və ya yararsız silahlarla təmin edib. Bütün bunlara baxmayaraq, ermənilərin hərbi cinayət törətdikləri bir daha sübut olundu və mən hesab edirəm ki, dünya ictimaiyyəti bu prosesə susmamalı, gələcəkdə ermənilərin region üçün törədə biləcəkləri təhlükə və təhdidlərin qarşısını almalıdır”.

Deputat hesab edir ki, bu etirafların özəyində başqa məqsədlər yatır: “İstənilən halda, hazırda Rusiyanın dəstəyi ilə Ermənistan ordusunun yenidən formalaşması məsələsi gündəmdədir. Fikrimcə, bu, həm də Rusiyaya təzyiq xarakteri daşıya bilər ki, onların ordusunu modern silahlarla təchiz etsin. Başqa bir ehtimalla, bu, Serj Sarkisyanın açıqlamaları zamanı Paşinyan hökumətinin və hərbçilərin “İsgəndər” raketlərindən doğru zamanda istifadə etmədiklərinə qarşı verilmiş bir cavab ola bilər. Düşünürəm ki, Rusiya bu münaqişənin həllində bu günə qədər təmkinli davranıb, Azərbaycanın mövqeyinə və ərazi bütövlüyünə hörmətlə yanaşıb. Bu gündən sonra da Rusiya atacağı addımlarda regionun təhlükəsizliyi və bu münaqişənin yenidən alovlanmaması üçün çalışaraq Azərbaycanla dostluq və qonşuluq əlaqələrini davam etdirəcək. Ermənistanın isə bu məsələdə tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaqdır”.

Milli Məclisin üzvi qeyd edib ki, Ermənistan başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır.

“Xüsusilə, biz unutmamalıyıq ki, Ermənistanda Metsamor Atom Elektrik Stansiyası fəaliyyət göstərir və bildiyimiz kimi, həmin stansiyanın istifadəsi çoxdan başa çatıb. Beləliklə, “Metsamor”un fəaliyyəti mütləq dayandırılmalıdır. Faktiki olaraq, bu, onu da deməyə imkan verir ki, onların bu cür texnikalara nəzarəti və ümumiyyətlə, xidmətləri çox aşağıdır. Hər kəsə məlumdur ki, istifadəsi keçmiş belə stansiyalar başqa fəsadlar verə və region üçün təhlükə yarada bilər. Ermənistan regionda Azərbaycan və digər dövlətlərə qarşı ərazi iddialarından tamamilə əl çəkməlidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qurmaq istədiyi sülh və əmin-amanlıq şəraitindəki Qafqaz ailəsinə onlar da öz töhvələrini verməlidirlər”,- deyə deputat əlavə edib.

Teqlər: