Ermənistanın Qərblə, ələlxüsus ABŞ-la əməkdaşlığı o qədər sürətlə inkişaf edir ki, bu, artıq İranı ciddi narahat edir. Çünki Qərblə İranı birləşdirən məqsəd Ermənistanın Azərbaycan qarşı müqavimət qabiliyyətlərini artırması idi. Eyni zamanda İran Qərbin Ermənistana dəstəyindən müəyyən mənada istifadə edirdi.
Bu sözləri AzerTimes-a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
O bildirib ki, Ermənistanın İranla hərbi əməkdaşlıqdan imtina edib, ABŞ-la yaxınlaşması Tehran üçün “qırmızı xətt”in keçilməsi olub:
“Elə bir dövr gəldi ki, İran Ermənistana Tehran və İrəvan arasında hərbi ittifaq bağlanılması ilə bağlı açıq mesaj yolladı. Ermənistan isə bu təklifə rədd cavabı verərək, Qərblə, ələlxüsus ABŞ-la hərbi sahədə əməkdaşlıq prosesini sürətləndirdi. Qərbdən silah alınması İran tərəfindən nisbətən qəbul edilən məsələ idi. Lakin birbaşa ABŞ-Ermənistan hərbi təlimlərinin keçirilməsi, amerikalı hərbçilərin Ermənistana gəlməsi İranı ciddi mənada narahat etməyə başladı. Təsadüfi deyil ki, ABŞ-Ermənistan hərbi təlimlərinin elan edildiyi günün ertəsi İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşə getdi. Belə görüşlərdə İran tərəfi hər zaman izahat istəyir. O izahatın nə dərəcədə qaneedici olub-olmadığını da artıq tərəflərin gələcək fəaliyyətlərində görəcəyik. Amma İran ənənəvi olaraq Cənubi Qafqazda xarici qüvvələrin fəallığından narahat olduğunu bildirir, Türkiyə-Azərbaycan hərbi təlimlərini belə diqqətlə izləyir. Türkiyə NATO üzvü olsa da, region ölkəsi olduğu üçün Azərbaycanla hərbi təlimlərini normal qarşılayır. Amma birbaşa ABŞ-ın İranın şimalında yerləşən ölkədə ikitərəfli təlim keçirməsi əlbəttə ki, İran üçün də bir siqnaldır”.