Ermənistan Qarabağa əsgər göndərir: III savaş başlayır?

Ermənistan Qarabağa əsgər göndərir: III savaş başlayır?

Ermənistanın sərhəddə vaxtaşırı olaraq atəşkəsi pozması və Azərbaycan Ordusunun mövqelərinə atəş açmasının arxasında hansı səbəblər dayanır?

Niyə Zəngəzur dəhlizi, sərhədin müəyyən edilməsi ilə bağlı komissiyanın işi və 3+3 ölkələrinin görüşü gündəmə gələn kimi təxribatların sayı artdı?

Son günlər isə bu məlumatlar sərhəddə qısamüddətli toqquşma olduğu, hətta ermənilərin itki verdiyi barədə də şayiələrlə müşayiət olunur.

Ona görə nə baş verdiyi gündəmdədir.

***

Son günlər İrəvan rəhbərliyinin bir daha Qarabağ, ATƏT-in Minsk Qrupu və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları görginliyin növbəti dalğasına çevrildi.

Ermənistan Baş naziri və xarici işlər naziri yenidən “Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağa aidiyyəti yoxdur” deməklə, faktiki olaraq Azərbaycan ərazilərinə hələ də iddialı olduqlarını nümayiş etdirdilər.

Həmçinin, ATƏT-in Minsk Qrupu kimi artıq dağılmış qurumu bərpa etmə cəhdləri və bu zaman Rusiyanın mövqeyinin nəzərə alınmaması Ermənistanın Moskvadan başqa mərkəzlərdən də sifarişlər aldığını ehtimalını müydana çıxartdı.

Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda sərt mesajı Ermənistanı çəkindirməli idi. Əvəzində isə Qarabağdakı “həqiqi hərbi qulluqçuları müqaviləli hərbçilərlə əvəzləyəcəyi” haqda Ermənistan Baş Qərargahının rəsmi açıqlaması yayıldı.

10 noyabr 2020-ci il bəyanatına görə, Ermənistan hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini götürüb və erməni hərbi birlikləri Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə parallel olaraq çıxarılmalı idi. Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il gecə saatlarından başlayaraq yerləşdirilsə də, erməni hərbi birliklərinin qalıqları Azərbaycan ərazisini hələ də tərk etməyib. Bunu isə 1 il 7 aydan sonra Ermənistan nəinki etiraf edir, hətta bu qanunsuz hərbi birlikləri peşəkarlarla əvəzləyəcəyini açıq şəkildə elan edir.

Bu açıqlama əslində Azərbaycan dövlətinə meydan oxumaq, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndindən imtinadır.

Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılmasına mane olması isə 10 noyabr 2020-ci il bəyanatının növbəti – 9-cu bəndinin pozulmasıdır. Həmin bənddə göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan tərəfinin bu yolu dəhliz adlandırmasına və Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına cavab olaraq İranın əl-ayağa düşməsi də diqqət çəkir. Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılacaq” deyə, son bəyanatından bir həftə sonra İran Ali Təhlükəsizlik Şurası katibi Əli Şamxaninin İrəvana səfər etməsi, səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərdəki bəyanatı cənub qonşumuzun məkrli siyasətini bir daha ortaya qoydu. Əli Şamxani həm Qriqoryan, həm də Paşinyanla görüşündə kommunikasiyaların açılması mövzusunda danışarkən, deyir: “İran dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində infrastrukturların blokdan çıxarılması prosesini dəstəkləyir”.

Sanki dəhliz məntiqi Ermənistanın ərazi bütövlüyünü və yaxud suverenliyini pozur. Halbuki burda hansısa suverenliyin pozulmasından və ərazi bütövlüyünə təhdiddən söhbət gedə bilməz.

Bir qədər də irəli gedən Əli Şamxani İrəvanda bəyan edir: “Regionda geosiyasi vəziyyəti dəyişmək cəhdləri qəbuledilməzdir”.

Şamxani İrəvanda keçirdiyi görüşlərdə Şimal-Cənub dəhlizini, eyni zamanda Zəngəzur vilayətinin inkişafı imkanlarını da müzakirə edir və bu, rəsmi açıqlamada əksini tapır: Ermənistan-İran iqtisadi əlaqələri və konkret olaraq Zəngəzurun inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanır, hər iki tərəf Meğri azad iqtisadi zonası və Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir…

…Rusiya da “təhlükəsizlik tədbirini” gücləndirir: Rusiyanın Ermənistandakı 102-ci bazası Zəngilan yaxınlığında növbəti “dayaq məntəqəsi” istiqamətində fəaliyyəti ilə paralel olaraq, Kremlin Tovuzla üzbəüz, sərhədimizin bircə kilometrliyində də yeni baza yaratmaq niyyətində olduğu üzə çıxdı. Artıq ilkin işlərə də başlanılıb.

Ermənistan Müdafiə Nazirliyi isə Dərələyəz istiqamətində, Naxçıvanla düz sərhəddə ordunun ehtiyacları üçün bina və torpaq satın alıb və orda yeni işlərə başlayacağı bildirilib. Ehtimallardan biri də odur ki, Naxçıvanla sərhəddə də Rusiya hərbi bazasının “dayaq məntəqəsi” yerləşdirilə bilər.

Sanki hansısa hazırlıq gedir: Ermənistan nəyə nail olmaq istəyir, yeni planlar nədir və burada Rusiya maraqlı ola bilərmi?

Bu kontekstdə türkiyəli general Yücel Karauzun şərhi maraqlıdır. Türk generalın məntiqinə görə, Ermənistanı Üçüncü Qarabağ savaşına təhrik edən qüvvələr var.

AzerTimes-a müsahibəsində Ermənistanın son təxribatlarını şərh edən Karauzun fikrincə, Qərb ölkələri Qarabağda, Ermənistan-Azərbaycan sərhədində Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyəti ilə çalışır.

General qeyd edib ki, bu zaman Ermənistanın daha ağır zərbə alacağı, daha çox itki ilə üzləşəcəyi Qərbi narahat etmir. Əsas məqsəd Rusiyanın daha bir regionda hərbi-siyasi konfliktə cəlb olunmasıdır.

Bu məsələdə uzaqgedən hədəflərdən biri də Türkiyədir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Şuşa Bəyannaməsi ilə Türkiyənin himayəsi altındadır. Qarabağda üçüncü savaş çıxarsa və Rusiya müdaxiləsi olarsa, Türkiyə Şuşa Bəyannaməsinə uyğun addımlar ata bilər. Nəticədə isə Rusiya-Türkiyə münasibətləri tam fərqli mərhələyə qədəm qoyar.

Hazırda Türkiyə Rusiyaya BMT xaricində heç bir sanksiya tətbiq etməyib və Rusiya ilə dialoq aparan ən aktiv ölkədir. Türkiyə Ukraynadakı müharibənin də sülh masasında bitməsi üçün cidd-cəhdlə çalışan nadir dövlətlərdəndir. Ancaq Qarabağda növbəti partlayış baş verərsə, Türkiyə Rusiyaya qarşı açıq və sərt mövqe almağa məcbur olacaq ki, Qərbin də əsas hədəfi budur: Rusiya öz qüvvələrini daha bir istiqamətdə səfərbər etməyə məcbur olacaq ki, burada artıq Ukraynadakı kimi deyil, dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusu, NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə qarşılaşma ehtimalı var.

Ermənistanın bu savaşda darmadağın olacağı, Azərbaycanın bir çox ciddi itkilər verəcəyi Qərbin vecinə də deyil – necə ki, Ukraynanın şəhərlərinin yerlə-yeksan olmasına biganədir. Qərbin əsas hədəfi Ermənistanı Rusiyanın təsirindən tam çıxarmaq, Rusiyanı bölgədən sıxışdırmaq, Türkiyəni Kreml ilə düşmən etməkdir.

Bu təhlükələrə görə Karauz Azərbaycanın Türkiyə ilə birgə daha səbirli davranacağına ümid etdiyini bildirib.

Beləliklə, Qərbin, Rusiyanın və İranın Cənubi Qafqazda maraqları toqquşmaqdadır: İran Zəngəzur dəhlizinin açılmasına və Orta Dəhlizin qurulmasına mane olmağa çalışır, Ermənistanın mövqelərini gücləndirməsi üçün hər şey edir; Qərb Kremli regionda daha bir münaqişəyə çəkməyə cəhd göstərir, Rusiya isə regionda mövcudluğunu qorumaq və artırmaq üçün Ermənistanda yeni-yeni bazalar açır və erməni ordusunu silahlandırır.

Ermənistanın hədəfi bu vəziyyətdən sui-istifadə edərək, 10 noyabr 2020-ci il kapitulyasiyasının şərtlərindən tədricən imtina etməkdir və buna da cəhd edir: Qarabağda qanunsuz məskunlaşma aparılır, separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyan evlər tikib, bu məskunlaşması artırmaq istəyir, Qarabağa qanunsuz olaraq peşəkar hərbçilər göndərməyə cəhd edilir, üstəlik, sərhəddə vaxtaşırı olaraq atəşkəs pozulur və təxribatlar artır.

Teqlər: