Ermənistan öz seçimini etməlidir – Ceyhun Bayramov

Xəbər - Humay Ağacanova – Trend:

Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq?

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə cümə axşamı keçirilən birgə mətbuat konfransı zamanı deyib.

C.Bayramovun sözlərinə görə, 30 il ərzində Azərbaycan və Ermənistan sərhədində delimitasiya və demarkasiya reallaşmayıb. Bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olması idi.

Nazir qeyd edib ki Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Sərhədlərlə bağlı məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirilməlidir:

“Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”.

Teqlər: