Hər zamankı kimi, ermənilər bu dəfə də öz saysız-hesabsız yalanlarını davam etdirirlər.
Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni hərbi birliklərinin Qarabağdan çıxarılmasına başlandığı və prosesin avqustda tamamlanacağı haqda açıqlamasına münasibət bildirərkən deyib.
“Bu günə qədər Ermənistanın öz işğalçı ordusunu Qarabağdan çıxardığını təsdiqləyən fakt görməmişik. Çünki belə bir şey yoxdur. Əslində 2020-ci ildə üçtərəfli razılaşmada Ermənistanın hərbi birliklərinin Qarabağdan çıxarılması nəzərdə tutulsa da, bu günə qədər heç bir addım atılmayıb.
Prezident İlham Əliyev də qeyd etdi ki, Rusiya tərəfi Azərbaycan Müdafiə Nazirliyinə bu işi iyun ayında yekunlaşdıracaqlarına dair söz vermişdi. Lakin artıq iyul da bitir, yenə ortada heç bir nəticə yoxdur”, – ekspert bildirib.
Ü.Cəfərov erməni silahlıların torpaqlarımızdan könüllü çıxacaqlarına inanmadığını, bundan sonra da gərginliyin yaşanması üçün əllərindən gələn bütün yaramazlıqları edəcəklərini vurğulayıb:
“Müharibənin bitməsindən iki ilə yaxın müddətin keçməsinə baxmayaraq, onlar delimitasiya, demarkasiya, bölgədə sülhün və əminamanlığın təmin olunması ilə bağlı heç bir addım atmayıblar.
Əksinə, hansısa “status”dan danışır, boş ideyalar irəli sürürlər. Ermənilər heç bir halda Qarabağdan qoşun çıxarmaq istəməyəcək. Bu yalnız Azərbaycanın güclü ordusu sayəsində baş tutacaq. Ordumuz bu prosesi həyata keçirmək üçün tam hazırdır. Qısa müddətdə antiterror əməliyyatı yolu ilə bu işi həyata keçirmək üçün imkanımız kifayət qədər genişdir”.