NATO-nun Baş katibi Yens Stoltenberqi və onun rəhbərlik etdiyi nümayəndə heyətini Ermənistanda salamlamaqdan məmnunuq. Bu, alyansın baş katibi kimi Ermənistana ilk səfərinizdir və İrəvan-NATO əməkdaşlığı, eləcə də regional, qlobal sabitlik və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir.
AzerTimes xəbər verir ki, bunu İrəvanda NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Alyansla, eləcə də ayrı-ayrı üzv dövlətlərlə mövcud siyasi dialoqun davam və inkişaf etdirilməsində, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıyıq. Ümid edirik ki, yaxın gələcəkdə Ermənistan-NATO əməkdaşlığının yeni formatına fərdi şəkildə uyğunlaşdırılmış tərəfdaşlıq proqramı təsdiqlənəcək. Bölgəmizdə baş verən hadisələr fonunda Ermənistanın dayanıqlığını gücləndirməsi və müvafiq müdafiə qabiliyyətini inkişaf etdirməsi son dərəcə vacibdir. Ermənistan sülhməramlı birliyi Kosova missiyasına töhfə verməkdə davam edir, məlum olduğu kimi, 2023-cü ilin iyulunda Kosovada vəziyyət bir qədər qeyri-sabit olanda Ermənistan sülhməramlı birləşməsinin şəxsi heyətini daha 17 hərbçi artırıb. Parlamentarilərimiz NATO PA-nın iclas və seminarlarında iştirak etdikləri üçün parlament platformasında da səmərəli dialoq müşahidə olunur. Ermənistan da regionallaşma siyasətinə sadiq qalmaqda davam edir. Gürcüstan və İranla xüsusi əlaqələrimiz son dərəcə vacibdir və əməkdaşlığımızın heç biri öz regionumuza qarşı yönələ bilməz”, – o bildirib.
Qeyd edək ki, Ermənistan KTMT üzvüdür və faktiki olaraq bu qurumun heç bir tədbirində iştirak etmir.