Son vaxtlar Fransa və Hindistan başda olmaqla, bir sıra dövlətlər açıq şəkildə Ermənistanı silahlandırmağa başlayıblar. Prosesə yüngül silahlarla başlayan Paris indi SEZAR-ları İrəvana göndərməyə hazırlaşır. Fransa bununla kifayətlənməyəcək, başqa silah-sursat və hərbi texnikanın verilməsi də gözləniləndir.
Bu sözləri AzerTimes-a Ermənistanın yenidən sürətlə silahlandırılmasının məqsədləri haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Polkovnik Ermənistana verilən artilleriya qurğularının atəş məsafəsinə diqqəti çəkib:
“Sözügedən məsələdə əsas məqam odur ki, hazırki mərhələdə Ermənistana verilən artilleriya qurğularının atış məsafəsi 40 km-dən artıqdır. Qəlpəli fuqas başlıqlı mərmilərlə atış məsafəsi 41 km, bəzilərində 50 km, reaktiv gücləndiricilərin olduqda 55-70 km-dir. Bütün bunlar vəziyyətin ciddiliyindən xəbər verir. Yəni əgər vəziyyət gərginləşsə, yaşayış məntəqələrimiz düşmənin artilleriya hədəfi ola bilər. Bu, həm hərbçilərimizin, həm də işğaldan qurtarılan bölgələrimizə köçürülən insanların həyatı üçün təhlükə deməkdir”.
Hərbi ekspert bütün ehtimallara hazırlıqlı olmağımızın vacibliyini vurğulayıb:
“Fransa etdiyi əməlləri gizlətmir, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün tədricən planlarını həyata keçirir. Burada məqsədimiz təşviş yaratmaq və s. deyil. Əlbəttə, Azərbaycan dövləti də lazımi addımları atır. Ancaq hələlik sülh müqaviləsi imzalanmadığı üçün düşməni izləməli, onların əməllərindən, planlarından, məqsədlərindən xəbərdar olmalıyıq. Düşmən bilməlidir ki, Azərbaycan onun atdığı addımlardan xəbərdardır. Fransa, Hindistan kimi ölkələrin Ermənistanı silahlandırması, ordunun yenidən qurulmasında köməklik etməsi qarşıdakı beş ildə Azərbaycana qarşı yenidən revanşist fəaliyyətlərin başlaması məqsədi güdür. Böyük güclər yaxın gələcəkdə bölgədə və dünyada dəyişmə ehtimalı olan konfiqurasiyada Ermənistanı gücləndirərək ondan digər qonşularına qarşı istifadə edə bilər”.
Qeyd edək ki, Hindistan Ermənistana ümumi dəyəri yarım milyard dollar civarında olan MArG 155 təkərli özüyeriyən haubitsaların, 30 mm və 40 mm çaplı qumbaraların, “Pinaka” reaktiv yaylım atəş sistemlərinin, Fransa isə “Bastion” zirehli texnikasının, GM-200 radarının, “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə qərar verib. Ən son isə Fransa Senatı hökumətə SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib.