Ermənistan artıq “mina terrorunun memarı” titulunu qazanıb.
Bunu Trend-ə
açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O qeyd edib ki, ermənilər yaxşı bilirlər ki, azərbaycanlılar
azad olunan ərazilərə qayıtdıqdan sonra ilk ziyarət edəcəkləri yer
yaxınlarının məzarları olacaq.
“Bu səbəbdən də mənfur düşmən qəbiristanlıqları da minalayıb.
Ərazilərimizin minalanması Ermənistan dövləti tərəfindən həyata
keçirilib. Çünki torpaqlarımızda məskunlaşdırılan mülki əhalinin
əlində tank əleyhinə mina olmayıb ki, onu istədiyi yerdə aparıb
basdırsın. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan
ərazilərimizin minalanmasını dövlət səviyyəsində edib. Biz bu
faktları dünyaya göstərib bəyan etməliyik ki, Ermənistan terrorun
bütün növlərini, o cümlədən mina terrorunu dəstəkləyən və həyata
keçirən ölkədir”, – deyə Ə.Verdiyev qeyd edib.