Xəbər - Elçin Mehdiyev – Trend:
Bu günlərdə erməni polkovnik Koryun Qumaşyanın etiraflarından da aydın olur ki, erməni silahlıları işğaldan azad olunmuş ərazilərdə xeyli sayda mina basdırıb. 17 yük maşını yalnız 1 hərbçinin etirafıdır, bəlkə də yüzlərlə belə hərbçi var ki, hələ bu barədə danışmır. Onlar açıq şəkildə bizim qarşımızda terrorçu diversantların geri qaytarılması tələbini irəli sürürlər. Yəni, bəzi erməni dairələri minalanmış ərazilərin xəritəsinin olmadığını iddia etsələr də, erməni hərbçilərinin etirafları qarşı tərəfin məsuliyyətdən boyun qaçırma cəhdlərini rədd edir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, bir daha təsdiqlənir ki, Ermənistan tərəfdə minalanmış ərazilərin xəritəsi var, sadəcə, işğalçı ölkə bu xəritələri təqdim etmək istəmir:
“Məqsəd isə aydındır – post münaqişə dövründə daha çox azərbaycanlının ölümünə nail olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına mane olmaq. Təbii ki, Azərbaycan Qarabağda ilk gündən bərpa prosesinə start verib. İşlər sistemli şəkildə davam edir. Ərazilərin minalardan təmizlənmə prosesi də aparılır. Sadəcə, ərazi böyük olduğundan xəritəyə ehtiyac var. Amma görünən budur ki, Ermənistan xəritələri öz xoşu ilə vermək niyyətində deyil. Bu mənada beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır.
İyunun 4-də Kəlbəcərdə media işçiləri də daxil olmaqla 3 nəfərin şəhid olması, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı hələ də Ermənistana təzyiq yoxdur. Beynəlxalq media təşkilatları, həmsədr ölkələrin yanaşması sadəcə təəssüf doğurur. Səslənən bəyanatların heç birində Ermənistandan minalanmış ərzilərin xəritəsini vermək tələb olunmur. Ermənistan minalanmış ərazilərin xəritəsini verməyə məcbuir edilməlidir. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirdikləri zaman mina terrorunun qurbanı olması bütövlükdə dünya mediasına qarşı həyata keçirilən cinayətdir. Çünki bu ərazilərə beynəlxalq missiyaların, beynəlxalq KİV nümayəndələrinin də səfərləri nəzərdən keçirilir. Bu insanların da təhlükəsizliyilə bağlı narahatlığa əsas var”.
K.Nurullayeva vurğulayıb ki, faktiki Ermənistan bu hərəkəti ilə ən ağır cinayətlər silsiləsini davam etdirir: “Eynilə müharibə və ümumilikdə işğal dövründə olduğu kimi. İşğal dövründə atəşkəs olduğu halda hətta azyaşlılar da daxil olmaqla mülki əhali erməni snayperinin qurbanı olurdu. 44 günlük Vətən müharibəsində isə Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri qadağan olunmuş silahlarla atəşə tutaraq onlarla mülki insanın həyatına son qoydu. Bu müharibə cinayətidir və Ermənistan bu cinayətlərə görə ən ağır cəza ilə mühakimə olunmalı, cəzalandırılmalıdır. Amma təəssüf ki, 44 günlük müharibə dövründə də Ermənistan layiq olduğu şəkildə qınanmadı. Bu gün yenə bu terror dövlətinə qarşı hər hansı qınaq müşahidə olunmur. Bu ədalətsizlik sonsuza qədər davam edə bilməz. Regionda dayanıqlı sülhün tam təmin olunmasında bütün tərəflər maraqlı olmalı, əməli addımlar atmalıdır”.