Ermənistan məğlubiyyətlə barışmaqla yanaşı, xalqı aldatdığını da etiraf etməyə başlayıb – Deputat

Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra Ermənistan höküməti məğlubiyyətlə barışmaqla yanaşı, müharibə vaxtı yalanlarla xalqı aldatdığını da etiraf etməyə başlayıb.

Bunu AzerTimes-a deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, erməni xalqı artıq həqiqətləri görsə, yaxşı olardı: “Son vaxtlar bəzi erməni rəsmilər artıq Ermənistanın müharibədən öncəki açıqlamalarını absurd və yalan adlandırır. Çünki müharibə göstərdi ki, onların ordusu necə zəif və yararsız olub. Onların yalan məlumatlarına görə Ermənistan ordusunda müasir silah kompleksləri olmalı idi. Ancaq bütün dünya Ermənistanın biabırçı məğlubiyyətinin şahidi oldu. Erməni hərbi ekspertlər açıqlamasında Azərbaycanın hərbi gücünü etiraf edib. Artıq Ermənistan rəhbərliyi də bilir ki, Azərbaycan Ordusu İrəvanı belə yerlə-yeksan etmək iqtidarındadır. Bu baxımdan, hazırda daxildən də Ermənistan hökuməti tənqid olunur ki, ordunun gücünün zəif olmasını nəzərə almadan Azərbaycanla müharibəyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün lətifəyə çevrilmiş məlumatlarına artıq erməni xalqı inanmırdı. Onlar Azərbaycanın Ali Baş Komandanının çıxışlarını gözləyirdi. Çünki cənab Prezident ən dolğun və düzgün məlumatları həm ölkə əhalisinə, həm də dünyaya çatdırırdı. Ermənistan namərdcəsinə qadağan olunmuş silahlardan istifadə etməklə dinc əhaliyə qarşı atəş açmasını da xalqdan gizlətməyə çalışırdı. Ancaq nəticə göz qabağındadır. Azərbaycanın “dəmir yumruğu” nəticəsində onların uydurduğu yalanlara artıq nə siyasi hərbi rəhbərlik, nə də xalq inanır. Erməni hərbi ekspertlərin fikrincə də Ermənistan artıq öz xalqını aldatmaqdan çəkinməli və gerçəklərlə üz-üzə dayanmalıdır. Bu gün Azərbaycanın diktəsi ilə yaranmış yeni mənzərədən bütün bölgə, o cümlədən ermənilərin özləri də faydalana biləcəklər. Bununla da bölgədə dayanıqlı sülhün yaranması təmin olunacaq”.

Teqlər: