Ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində açıqladığı bəzi faktlar sensasiya sayıla bilər.
Əlbəttə, Paşinyanın Rusiyadan xəbərsiz “Qarabağı Azərbaycan ərazisi kimi tanıması” və bundan Putinin şoka düşməsi, paralel olaraq Kremlin “hansısa formada” 2020-ci ildən sonra Qarabağda ermənilər üçün muxtariyyət qayırmağa çalışması barədə sözləri də “xatırlanasıdır”. Ancaq bu, Ermənistan-Rusiya münasibətlərindəki hazırkı qırılma nöqtəsində istifadə edilən siyasi təbliğatdır. Ona görə ki:
1. Azərbaycan Prezidenti 10 noyabr 2020-ci ildə, üçlü bəyanatı imzalayan kimi xalqa müraciətində statusun cəhənnəmə getdiyini, gorbagor olduğunu bəyan etmişdi. Rusiyanın cəhdləri ola bilərdi, ancaq reallaşmasına İlham Əliyev imkan verməyəcəkdi – bu, dəqiqdir;
2. İlham Əliyev təzyiqləri necə dəf etdiyini 44 gündə nümayiş etdirdi – separatizm yuvasını qorumaq üçün “Vardanyan ssenarisi”ni sıradan çıxardı, Rusiyanın bütün siyasi cəhdlərini də neytrallaşdı, digər ehtimallara qarşı isə Şuşa Bəyannaməsini imzaladı;
3. İlham Əliyev strateji olaraq 2025-ci il üçün bütün hazırlıqlarını tamamlamışdı: proses tam şəkildə 2025-ə qədər yekunlaşacaqdı. Ancaq 2022-ci il olayı məsələnin köklü həllini sürətləndirdi;
4. Paşinyan 2022-ci ilin oktyabrında Qarabağın Azərbaycan olduğunu etiraf etməyə məcbur edildi. Çünki Rusiyadan əlini tamam üzmüşdü – 2022-ci il 24 fevralda Rusiya Ukrayna bataqlığına soxulmuşdu və s.
İndi Putinin təəccüblənməsi, Lavrovun şoka düşməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün həyasızcasına günahlandırmalarla hansı auditoriyalara utanmadan (Ukraynanın ərazi bütövlüyünü pozan ölkənin başqa bir ölkənin ərazi bütövlüyü haqda utanmaz düşüncəsi qəribə deyil) hansı mesajları verirlər, öz savaşlarıdır, özləri bilər.
Fakt isə başqadır: Odur ki, prosesi İlham Əliyev uddu – ən xırda şanslardan maksimum istifadə etdi və yaxud bu şansı doğuran situasiyaları öz siyasi manevrləri, gücü, ağlı, müttəfiqləri ilə yetişdirdi.
Keçək, Lavrovun ciddi xəbərdarlıqlarına:
Lavrov müsahibəsində Ermənistana ciddi xəbərdarlıqlar edir, Paşinyanı rəsmən hədələyir və əlbəttə ki, Azərbaycanı da “öz yanına” almağa çalışır. Sitat: “(KTMT missiyasını rədd edəndən)… bir neçə gün sonra Paşinyan AB-nin eyni sülhməramlı missiyasını Ermənistana çağıraraq, Azərbaycana bunun cəmi iki ay olacağını vəd etdi. İki ay sonra isə Avropa Birliyi Bakıya məhəl qoymadan bu missiyanı ikiqat artırdı. İndi də Norveç, Kanada və ABŞ-dan yenə də hərbi personal oraya göndərilir və AB-nin missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər”.
AB missiyası Azərbaycanla sərhəddə yerləşir – Azərbaycan öz sərhədində missiyanın yerləşməsinə imkan vermədi və həmin vaxt açıq şəkildə də bildirdi: Ermənistanın öz ərazisinə kimləri yerləşdirib-yerləşdirməməsi öz işidir, ancaq bu, prosesə töhfə vermir.
Vəssalam: “missiya” genişlənirsə, ora Norveç, Kanada və ABŞ-dan qüvvələr gəlirsə – bu KTMT üzvü olan Ermənistanla bu ölkədə 5 minlik ordusu, bir yekə hərbi bazası, hava bazası, 4 mindən çox sərhədçisi olan “strateji müttəfiq” Rusiyanı düşündürməlidir.
“Azərbaycana məhəl qoymadı” ilə rus politoloqların Azərbaycan mediasına verdiyi müsahibədəki “qızışdırıcılıqları” işə yaramaz. Kim bilməsə də, azərbaycanlılar çox yaxşı bilir ki, “Ermənistan” adlı dövlət Rusiyanın öz proyektidir və Azərbaycanın torpağında yaradılıb!
O ki qaldı NATO-nun Ermənistanda oturmasına, bu, Rusiyaya qarşıdır – zatən Azərbaycan NATO-nun ikinci ən qüdrətli ordusuna malik Türkiyənin hərbi-siyasi müttəfiqidir və öz ordusunu Türkiyə modelinə – faktiki olaraq NATO standartlarına keçirmək prosesini başa çatdırmaqdadır.
Və ən mühümü: NATO-nun Ermənistana yerləşməsindən İran narahat olmalıdır.
İran dəfələrlə bəyan edib ki, regiona – Cənubi Qafqaza regiondankənar qüvvələrin gəlməsi Tehranın “qırmızı xətti”dir. Bunu dəfələrlə Ermənistanın yanında, arxasında, qabağında olduğunu söyləməklə, Zəngəzura qarşı əbasını əlinə alıb, sərhədimizə gəlməklə, Azərbaycanı hədələməklə ermənilərə ülvi məhəbbətini nümayiş etdirən Tehran sevimli qardaşı İrəvana deyib.
Nəticə?
Nəticə odur ki, Ermənistan hazırda faktiki olaraq İranın “qırmızı xəttini” zorlayır. Lavrovun sözündən belə çıxır ki, Ermənistan bu təcavüz aktını tək də həyata keçirmir – ABŞ-dan, Norveçdən, Kanadadan da nümayəndələr gəlib. Başqa sözlə, İranın “qırmızı xətti”nin üstündə xeyli növbə yaranıb – “milli-strateji-qırmızıxətteyi-namusi-qeyrət” əldən gedir.
İranın isə səsi çıxmır, heç bir etiraz etmir; İran mediası, siyasiləri, ekspertləri, politoloqları ağızlarına su alıblar və yaxud sanki Tehranın “qırmızı xətti”nə təcavüz edənlər onların ağzına dəsmal soxublar – həm də cib dəsmalı.
Əvəzində İran mediası, ekspertləri düşükcəsinə Azərbaycandakı səfirləri Musəvinin azərbaycanlı xanım jurnalistə müsahibəsindən rəncidə olub, bunu “namusi-qeyrətin” əldə getməsi kimi ümummilli hərəkata çeviriblər. Ki, guya müsahibədə azərbaycanlı jurnalistin başında kəlayağı olsaydı, İranın siyasi-əxlaqi-qeyrəti dərhal yerinə gələcəkdi.
Sizin məntiqinizə ermənilər məsciddə saxladıqları çoşkaları kəssin…