Ermənistan iki gücün yeni münaqişə mərkəzidir

Ermənistan iki gücün yeni münaqişə mərkəzidir

Bölgəmizdə İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıq və konfiqurasiya yaranıb. Rusiya xüsusilə Ukrayna müharibəsi başlayandan sonra Minsk Qrupunun fəaliyyət göstərmədiyini bildirib. MQ sıradan çıxsa da, onu təşkil edən üç əsas ermənipərəst ölkə yeni bir formatda dirilirlər. Burada əsas məqsəd Ermənistanın mədəni şəkildə faktiki işğalıdır.

Bu sözləri AzerTimes-a KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistandakı missiyanın işinin müzakirəsi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

“Əgər Rusiya son otuz ildə Ermənistanı bütövlükdə nəzarətdə saxlayırdısa, indi ABŞ və Fransa “xüsusi” və “mülki” missiya adı altında nəzarəti ələ keçirmək üçün aktivləşib. Sözügedən missiyaların heyətlərinin əksəriyyəti keçmiş hərbçi və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunub. Yəni onlar heç də sivil vətəndaş cəmiyyətinin nümayəndələri deyil. İrəvan rəsmilərinin Vaşinqton və Kaliforniyaya səfərləri, eyni zamanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Börnsün, Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin və digər dövlət nümayəndələrinin İrəvana səfərləri də bizə bunu göstərir. Ona görə mövqeləri zəifləyən Rusiya Ermənistanla bağlı bəzi siyasi məsələlərdə Qərbə güzəştə getməyə məcburdur. Bu gün keçiriləcək KTMT toplantısında da həmin güzəştlərin konturları bilinəcək. Yəni, “Kim harda və necə patrul fəaliyyəti aparacaq?” sualına cavab axtarılacaq.

Ermənistanın bütün sərhədləri Rusiyanın Sərhəd Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunur. Fransadan və digər Avropa ölkələrindən gələn missiya üzvlərinin Rusiya hərbçiləri və FTX əməkdaşları ilə iç-içə fəaliyyət mexanizminin müəyyən olunması böyük suallar doğurur. Amma nə olmasından asılı olmayaraq, baş verənlər Ermənistanın başında çatlayacaq. Çünki artıq Ermənistan Qərb ilə Rusiya arasında yeni bir qarşıdurma nöqtəsinə çevrilib”, – politoloq qeyd edib.

Teqlər: