Ermənistan hücuma hazırlaşır? – “Qırmızı bayrağ”ın sirri

Ermənistan hücuma hazırlaşır? – “Qırmızı bayrağ”ın sirri

Lemkin İnstitutu “qırmızı bayraq” xəbərdarlığı edib və iddia edib ki, “Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistanın cənubunu ələ keçirə bilər”.

Bunun Qarabağda erməni separatizminin ləğvindən sonra Qərb mediasında aparılan kampaniyanın davamı olduğu bəllidir. Lemkin İnstitutunun erməni diasporu/lobbisi ilə sıx əlaqələri fonunda belə bir iddia o qədər də təəccüblü görünmür. Hərçənd, iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, konkret zamanın göstərilməsi – yaxın günlər, yaxud həftələr;

İkincisi, ötən il də eyni “qırmızı bayraq” xəbərdarlığının edilməsi;

2022-ci ilin avqustunda Limkin İnstututu Azərbaycanın Qarabağda və sərhəddə hücuma keçəcəyi iddiasını irəli sürmüşdü. Sentyabrın 12-də erməni təxribatı ilə sərhəddə şiddətli döyüşlər baş verdi və Ermənistan hərbi müstəvidə ağır itkilərlə üzləşsə də, siyasi müstəvidə istədiyinə müəyyən qədər nail oldu: “Azərbaycanı hücum edən tərəf” kimi göstərməklə Qərb cəbhəsini öz ətrafına cəmlədi; Rusiya və KTMT-yə qarşı “etibarsız təhlükəsizlik müttəfiqi” arqumentlər əldə etdi;

Və ən əsası Avropa İttifaqının missiyasının bölgəyə yerləşdirilməsi zərurəti formalaşdırıldı. Sentyabr döyüşlərindən sonra dörtərəfli Praqa görüşündə (6 oktyabr) missiyanın sərhədin Ermənistan hissəsində fəaliyyətə başlaması qərarı qəbul olundu. Fəaliyyət müddəti iki ay nəzərdə tutulan missiyanın zamanı daha sonra uzadıldı.

Bir il sonra bölgədə yaranan yeni vəziyyətdə eyni ssenarinin yenidən tətbiq edildiyi müşahidə edilir:

– Ermənistan “təhlükəsizlik müttəfiqlərini” – Rusiya və KTMT-ni əvəzləmək niyyətini dilə gətirir;

– Fransa Ermənistanı silahlandırır və “təhlükəsizlik çətiri” olmaqda Rusiyanı əvəzləmək istəyir;

– Avropa İttifaqının Ermənistandakı missiyasının sayının artırılması qərarı verilib və bu, sülh danışıqlarının ön plana çıxması, eskalasiya riskinin aşağı olması fonunda baş verir;

Və ötən ilin sentyabr döyüşlərindən öncə Azərbaycan üçün elan edilən “qırmızı bayraq” xəbərdarlığı yenidən təkrarlanır, Qərb mediasında “Ermənistanın işğalı” iddiası kütləvi kampaniyaya çevrilir. Bu situasiya sərhəddə erməni təxribatına hazırlığın getdiyi ehtimalını gücləndirir və “Azərbaycanın müdaxiləsi” haqda iddialarla ictimai rəyi formalaşdırmaq, “alibi” yaratmaq gedişi edildiy görünür. Mümkün eskalasiya ssenarisinə təkcə Azərbaycan-Ermənistan kontekstində yox, həm də dəhlizlər uğrunda mübarizədə Qafqaz cəbhəsinin açılması, Qəzzanın demarşı kimi də baxmaq olar.

Teqlər: