Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan hər zaman Azərbaycana və qardaş Türkiyəyə qarşı, ümumilikdə bütün türk dünyasına qarşı məkirli və çirkin siyasət aparıb.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, ermənilər hər zaman çalışıblar ki, qondarma “soyqırımı” dünyada tanınsın və bununla da Ermənistana həm də müəyyən yardımların verilməsinə nail olsunlar: “Eyni zamanda, Ermənistan bundan təzyiq vasitəsi kimi istifadə etmək niyyəti güdüb. Biz bilirik ki, Ermənistanda Türkiyəfobiya və Azərbaycanfobiya çox geniş vüsət alıb və hər zaman Türkiyə və Azərbaycana qarşı düşmənçilik pik həddə olub.
Bu günlərdə ABŞ prezidenti Co Bayden qondarma “soyqırımı” ifadəsini işlətməklə bu məsələni alovlandırdı və erməni vandallarının hərəkətlərinə dəstək vermiş oldu. Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zaman erməni vandallarının, erməni vəhşilərinin 30 il müddət ərzində Azərbaycan torpaqlarını işğal altın da saxladıqları müddətdə burada törətdikləri misli görünməmiş vəhşiliklər barədə ətraflı məlumat təqdim etdi. Cənab Prezident bu məsələni dünyanın ən vacib platformalarından birində qaldırmaqla bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.
Cənab Prezident təkcə şəhərlərimizin və kəndlərimizin ermənilər tərəfindən darmadağın edilməsini deyil, tarixi və dini abidələrimizin məhv edilməsini, o cümlədən ekologiyamıza, torpaqlarımıza, dağ-mədən ehtiyatlarımıza qarşı soyqırımı törədilməsini, təbii sərvətlərimizin vəhşicəsinə talan edilməsini dünya ictimaiyyətinin diqqtinə çatdırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı ən ağır soyqırımılardan olan Xocalı soyqırımını törədən Ermənistanın faşizm mahiyyətinin belə bir mötəbər tədbirdə ifşa edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, bir ölkə Prezidentinin qətiyyətli və prinsipal siyasətinin təzahürüdür ki, bütün dünyada erməni yalanının ifşa olunmasında böyük işlər görür”.