Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır – ŞƏRH

Xəbər - Alpər Ziya – Trend:

Ötən il 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bunun nəticəsi kimi uzun illərdir ermənilərin işğalı altında olan Azərbaycan-Ermənistan dövlət sərhəd xəttinin də bərpasına başlanılıb. Artıq iki ölkə arasında sərhəd xətləri çəkilir və eyni zamanda, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri tikilib istifadəyə verilir. Belə hərbi hissələrdən birinin aşılışını ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Zəngilan rayonunda şəxsən özü etdi. Həmçinin, oradan həm dünyaya, həm də Ermənistana bir sıra mühüm mesajlar verildi.

Hazırda bu sərhəd xətti bölgədə bir-birindən tamamilə fərqlənən iki tərəf müəyyənləşdirib. Bir tərəfdə praqmatik, realist siyasət nəticəsində cənnət (Dövlət başçısı aprelin 26-da Zəngilan rayonunda olarkən “Zəngilanı biz cənnətə çevirəcəyik” demişdi – müəl.) quran Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən Ermənistan. Bundan başqa, sərhəd xəttinin bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri, digər tərəfdə təxribat və terror həyata keçirən, sərxoş olub hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgəri. Eyni zamanda, bir tərəfdə ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, digər tərəfdə xaos, qeyri-sabitlik, xalq-iqtidar çaxnaşması…

Ermənistan üçün ən acınacaqlısı isə bunları dərk etməmək və işğalçı niyyətdən əl çəkməməkdir. Bunu ölkədə müxtəlif siyasi və ictimai dairələrin revanşist iddialarına əsasən deyirik. Anlamırlar ki, bu gün Ermənistanda səsləndirilən revanşizm iddiaları ölkə üçün daha ağır nəticələrə gətirib çıxara və ölkənin gələcəyini sual altına qoya bilər.

Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Ermənistanda mövcud olan böhran daha da dərinləşdi. Bu böhran hazırda özünü sosial-iqtisadi və ictimai-siyasi sahədə çox kəskin formada göstərməkdədir və bunun əsl səbəbi 30 il ərzində Ermənistan siyasi hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq siyasətidir. Çünki hakimiyyətdə olan qüvvələr, eləcə də xaricdəki diaspor təşkilatları erməni xalqından həmişə bir alət kimi istifadə edib. Nə yazıq ki, onlar bu gün istifadə edilməkdə davam edirlər. Xalq artıq xəstə təfəkkürlə zəhərlənib…

Məlumdur ki, Vətən müharibəsindən sonra regionda yeni əməkdaşlıq platformaları yaranıb. Bu baxımdan, nəqliyyat-logistika üzrə əməkdaşlıq platforması, onun içərisinə daxil olan Zəngəzur dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bu imkanlardan istifadə edərək ağır iqtisadi durumdan çıxmaq əvəzinə, hələ ki, öz faşist və işğalçı niyyətini sərgiləyir. Azərbaycan isə böyük bir humanizm sərgiləyərək daim ona qarşı düşməçilik mövqeyi tutan Ermənistanın bu əməkdaşlıq platformasında iştirakına yox demir. Əksinə, revanşist və işğalçı niyyətindən əl çəkəcəyi təqdirdə ona daha yaxşı gələcək vəd edir. Qonşuluq üçün bundan ötə nə ola bilər ki…

Azərbaycan mövcud reallıqları görür və regionun inkişafının, sülh və sabitliyin bərqərar olmasının yalnız əməkdaşlıqdan keçdiyini anlayır. Lakin ermənilər də bu reallığı anlamalıdır, düşmənçilik hislərindən əl çəkməlidirlər. Əks təqdirdə, bu ökədə revanşizm bir daha baş qaldırsa və Azərbaycan təhdid olunsa, onlar üçün nəticələr olduqca ağır ola bilər. Ona görə də Ermənistan bu gün düşdüyü rəzil durumdan və böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır. Çünki ağır bir müharibədən çıxmağına baxmayaraq, Azərbaycan bu gün də inkişaf edir. 30 il ərzində erməni işğalı altında qalan və darmadağın edilən ərazilərimizdə yenidənqurma və bərpa işləri aparılır. Azərbaycanda təkcə işğaldan azad edilən ərazilərimizdə deyil, digər bölgələrimizdə də əsaslı inkişaf layihələri icra edir. Ermənistan isə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı üçün dalana çevrildi, bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qaldı.

Ona görə də hazırda Ermənistanın bu bataqlıqdan çıxması, dünyaya inteqrasiya etməsi birbaşa Azərbaycanla bağlıdır. Onun yeganə çıxış yolu məhz Azərbaycandan keçir. Əgər həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır. Bunun üçün Ermənistan əvvəlcə öz siyasətində ciddi dəyişikliklər etməli və ölkə daxilində olan revanşist qüvvələr yox edilməlidir.

Teqlər: