Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan uzun illər heç bir beynəlxalq təşkilatın qərar və qətnamələrinə əməl etməyib, havadarlarına arxalanaraq azərbaycanlılara qarşı əsl terror, soyqırım törədib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Ermənistan hətta BMT Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərdən erməni silahlı birləşmələrinin dərhal çıxarılması haqqında dörd qətnaməsinə heç bir məhəl qoymayıb, erməni təcavüzkarları öz çirkin əməllərini illərlə davam etdiriblər:
“Buna baxmayaraq, Ermənistana qarşı heç bir təzyiq olmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və sosial komissiyasının 77- ci sessiyasında videoformatda çıxışını əsasən Qarabağ mövzusuna həsr etməsi təbiidir və bu, ölkə rəhbərinin milli maraqları bütün platformalarda cəsarətlə müdafiə etməsinin ifadəsidir.
Dövlətimizin başçısı bütün vasitələrlə Ermənistanın təcavüzkarlıq siyasətini, xalqımızın başına gətirdiyi faciələri, törətdiyi soyqırımıları, faşizmə xidmət edən ideologiyasını və şanlı qələbəmizi, ədalətli mübarizəmizi bir daha bütün dünyaya, bəşəriyyətə bəyan etmək əzmindədir”.
T.Rzayev əlavə edib ki, əlbəttə, Azərbaycan regionda sülhü və təhlükəsizliyi təmin etmək arzusundadır.
Twitter: @ElchinMehdiyev