Laçın yolunda azərbaycanlı ekoloqlara qarşı zorakı addım Ermənistan üçün mənfi nəticələrə səbəb olacaq. Azərbaycan Xankəndidə qanunsuz birləşmələrin nəzarətində olan ərazi boyunca kifayət qədər ciddi hərbi qüvvələr qruplaşdırıb və yalnız bundan sonra yolun “blokadasına” keçib.
AzerTimes xəbər verir ki, bu barədə “Kalibr.az” erməni politoloqu Hrant Mikaelyana istinadən məlumat yayıb.
Mikaelyan bildirib ki, Azərbaycanın burada çox ciddi güc qüvvələri təmsil olunur:
“Bəs erməni tərəfi? Ermənistan ordusu bu gün 2020-ci illə müqayisədə daha zəifdir. Daha zəif nizam-intizam, daha zəif infrastruktur, daha da zəif insan, kadr potensialı. Mən Ermənistan ordusunda Azərbaycana qarşı çıxa biləcək qüvvə görmürəm. Ordumuzu inkişaf etdirmək lazımdır, lakin bunun həyata keçirildiyini görmürəm. Silah alqı-satqısı ilə bağlı müqavilələr var, amma bunlar uğursuzdur. Üstəlik, bu gün Ermənistan ordusunun problemi silah-sursatın olması müstəvisində deyil”.
O qeyd edib ki, orduda indiyədək heç vaxt tamhüquqlu komanda-nəzarət sistemi olmayıb:
“Lakin 2020-ci ildən qoşunların komandanlığı tamamilə iflasa uğrayıb, bu gün Ermənistanda kritik səriştəsiz hərbi rəhbərlik, daimi kadr dəyişikliyi var. Heç bir iş görülməməsinin iki səbəbi mövcuddur: Birincisi Azərbaycan qorxusu, ikincisi indiki (erməni – red.) hakimiyyətin acizliyi və istəməməsi”.