Ermənistanın 2024-cü ilin ilk 7 ayında (yanvar-iyul) ticarət dövriyyəsi 20,4 milyard dollar təşkil edib. Bu, Ermənistanın uğurudurmu? – elə deyil, bu, Qərbin “korluğunun”, İrəvanın Moskva ilə yalançı, saxta “döyüşünün” nəticəsidir.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O, bunun səbəblərini izah edib:
“- Ermənistanın 2024-cü ilin ilk 7 ayında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrünə görə 2 dəfə artıb – bu, təbii artım ola bilməz;
– Rusiya ilə ticarət dövriyyəsi 9 milyard 75 mln. dollar olub və keçən ilin eyni dövrünə görə 2,4 DƏFƏ (!!!) artıb – dava edən, küsən ölkələrin ticarəti bu qədər arta bilməz. Sadəcə, Qərb “kor olub” Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə necə gözəl kömək etdiyi görmür, üzdə yalançı dava da Qərbi “kor” etmək üçündür;
– Birləşmiş Ərəb Əmirliyinin – bizimlə də guya, dostdur – bu ilin ilk 7 ayında Ermənistanla ticarət döbriyyəsi 4 mlrd. dollar olub, bu 2023-cü ilin eyni dövrü ilə müqaisədə 7,3 DƏFƏ (!!!) artım deməkdir. Sxem çox sadədir – BƏƏ-də şirkətlər Rusiyaya silah istehsalında, dronda, raketdə lazım olan yarımkeçirici və mikrosxemləri ABŞ, Çin, Tayvan, AB ölkələrindən alır və formal olaraq Ermənistana satır. İrəvan da Kremlə hava-su kimi lazım olan o malları BƏƏ-dən alıb, Rusiyaya satır-ötürür. Qərb də qazanır, BƏƏ də, Ermənistan da, Rusiya da – uduzan Ukraynadır, bu ölkənin şəhər-kəndləri xaraba qalır, insanları ölür”.
Ekspert bir daha vurğulayıb ki, Rusiya-Ermənistan “davası” teatrdır, kinodur, şoudur, Qərb ölkələri isə ya doğrudan kordur, qanmır, ya da özünü korluğa, qanmazlığa qoyublar:
“Ermənistanın KTMT məsələsində duruşunu Qərb alqışlayır, amma KTMT varmı ki?! Ukrayna Kurskda 1300 kv.km Rusiya ərazisini işğal edib (düz edib), KTMT qaydalarına görə indi bütün üzv ölkələr Rusiyaya kömək üçün qoşun göndərməli idilər – amma veclərinə də deyil, çünki KTMT “ölü” orqandır. Ermənistanın “ölü” orqanda iştirak edib-etməməsi Rusiyanın da vecinə deyil, zatən Ermənistanda hərbi bazaları var, iqtisadiyyatın 70%-nə birbaşa nəzarət edir, Paşinyan və komandası da Kremlin əmrindədir. Amma Qərb KTMT məsələsini bayraq edib deyir ki, Ermənistan qərbyönümlüdür, bizdə də bəzi təkhücüyrəlilər söyləyirlər ki, Putin Paşinyanı devirmək üçün Azərbaycana dəstək verir, daha anlamırlar ki, Moskva doğrudan da Paşinyanı devirmək istəsəydi, son 6 ildə 60 dəfə devirərdi. Niyə devirsin ki?! Gözəl şou qurublar, Ermənistan, guya, Qərbə gedir deyə, ona sanksiya qoymurlar, onlar da Kremlə həlledici dəstək verirlər, sanksiyalardan yan keçmək üçün böyük iş görürlər. Bundan başqa, Qərbdən Ermənistana qrant və kreditlər gəlir, onları da Rusiya şirkətləri mənimsəyirlər – məsələn, Ermənistan dəmir yollarının yenidən qurulmasına, təmirinə Qərbdən onmilyonlarla avro vəsait ayırıb. Ermənistan dəmir yolları kimə məxsusdur? Bəli, Rusiyaya. O vəsaiti təmirə xərcləyəndə kim qazanacaq?! Bəli, Rusiya Dəmir Yolları və onub törəmə şirkətləri”.