Ermənistan ərazisindən keçən marşrutlar… – Zaxarova

Ermənistan ərazisindən keçən marşrutlar… – Zaxarova

Azərbaycan və Ermənistan öz ərazisindən keçən marşrutlar üzərində suverenliyə və yurisdiksiyaya malik olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova regionda kommunikasiyaların bərpasını şərh edərkən deyib.

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Və onlar öz əməli fəaliyyətlərində bu prinsipi rəhbər tutacaqlar. Bunu artıq tərəflər də bildiriblər”, – o qeyd edib.

Zaxarovanın sözlərinə görə, Rusiya Cənubi Qafqazda sabit vəziyyətin olmasında maraqlıdır:

“Moskva bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Eyni zamanda, həm Ermənistan, həm də Azərbaycan bizimlə müttəfiq dövlətlərdir. Biz İrəvanla həm ikitərəfli formatda, həm də KTMT formatında təhlükəsizlik öhdəlikləri ilə bağlıyıq. Bakı ilə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə uğurla həyata keçirilir. Regionda nəqliyyat kommunikasiyalarının açılması mövzusuna gəlincə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ən ciddi formada nəzərdən keçirilir. Moskva əmindir ki, məhz bu formatda qarşılıqlı məqbul həll yolu tapılmalıdır. Maraqlar balansına əsaslanan bu cür razılaşmalar həm region dövlətlərinə, həm də qonşularına, o cümlədən Rusiya, İran və Türkiyəyə fayda verəcək”.

Teqlər: