Ermənistan əlaqələrin normallaşması üçün Azərbaycanın təklif
etdiyi beş maddəlik baza prinsiplərini qəbul etməlidir.
Trend xəbər verir ki, bunu TurkicWorld-a açıqlamasında Türkiyə Prezident
Administrasiyasından bildiriblər.
Administrasiyadan qeyd olunub ki , bu prinsiplər bölgədə sülhün
və rifahın təmin olunması üçün ciddi təkandır və əslində
Ermənistanın da maraqları daxilindədir.
“Azərbaycanın təklif etdiyi “Nəqliyyat və kommunikasiyaların
açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı
maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması” bəndi
Ermənistan üçün çox önəmlidir” – deyə Türkiyə PA-dan
bildirilib.
Administrasiyadan o da bildirilib ki , Türkiyə bölgədə sülh və
istiqrarın olması üçün Azərbaycanın atdığı bütün addımları hər
zaman dəsətəkləyir.
Qeyd edək ki, bu gün Azərbaycan Emənistanla əlaqələrin
normallaşdırılması üçün 5 baza prinsiplərini açıqlayıb, bu
prinsiplər aşağıdakılardır:
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü,
beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini
qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının
qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın
qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə
hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı
hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin
məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik
münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq
kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər
sahələrdə əməkdaşlığın qurulması.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən
qeyd olunub ki, iki dövlət məhz bu baza prinsipləri əsasında
intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq
ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.