Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan KİV-ində yayılan son məlumatlara əsasən, bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək. Belə ki, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb və bəlli olub ki, müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər. Bu onu göstərir ki, artıq Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni siyasi müstəvidə də möhkəmləndirməkdə davam edir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev həm 10 noyabr razılaşmasında, həm də bu il yanvarın 11-də Moskvada imzalanan bəyanatda bir daha prinsipal və qətiyyətli mövqeyini ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyün və digər milli maraqlarımızın təmin etdi. Bu sənədlər imzalanan zaman həm Ermənistan cəmiyyətində, həm də hakimiyyətində çaşqınlıq və narazılıq var idi, onlar bu olanları reallıq kimi qəbul etmək istəmirdilər. Ancaq son hadisələr göstərir ki, Ermənistan artıq reallığı qəbul edir və onlar bunun alternativinin olmadığını görürlər”.


Deputat qeyd edib ki, Paşinyan 10 noyabr razılaşmasını xəlvətdə imzalamasına baxmayaraq, onun şərtlərini yerinə yetirmək məcburiyyətindədir: “Ermənistandan əsgərlərin Dağlıq Qarabağa göndərilməməsi də bir daha onu göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasında olan ərazidir. Təbii ki, Ermənistan cəmiyyəti üçün bu, çox ağır bir məsələdir, inanırdılar ki, bu ərazilərdə onlar tam möhkəmləniblər, lakin 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi erməniləri şok vəziyyətinə salıb.

Digər tərəfdən, Dağlıq Qarabağda olan erməni silahlıları və terroristəri oradan çıxarılır. Bunun hamısı təbii ki, qələbəmizin yaratdığı reallıqlardır. Artıq 10 noyabr bəyannaməsinin imzalamasından 3 ay keçir. Həmin sənəd imzalanan zaman Azəbaycan cəmiyyətində bəzi narahatlıqlar var idi, lakin ötən müddət ərzində o suallar öz həllini tapdı. Elə ilk 20 gündə 3 rayonumuzun bir güllə atılmadan işğaldan azad edilməsi məsələsi öz həllini tapdı, digər bir məsələ Naxçıvanla kommunikasiyanın bərpası idi ki, bununla bağlı işlər artıq həyata keçirilməyə başlayıb. Həmçinin, Türkiyənin bölgədə iştirakı ilə bağlı da narahatlıqlar var idi və bu məsələ də öz həllini tapdı və Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Nəzərdə tutulan bütün məsələlər öz həllini tapdıqdan sonra insanlarımız öz doğma torpaqlarına qayıdacaq”.

Teqlər: