Xəbər - Elçin Mehdiyev -Trend:
Biz Ermənistanı tək hərbi sahədə deyil, bütün istiqamətlərdə yendik. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistan regionda ən lazımsız və əhəmiyyətsiz bir mövqeyə düşüb. Bu gün regionun bütün istiqamətlərdə inkişafı Azərbaycandan asılıdır. Ermənistan demək olar ki “oyundan kənarda” qalıb.
Bunu Trend.az. saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Ali baş komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə çox önəmli mesajlar verdi. Ermənistan elə bir vəziyyətə düşüb ki, yalnız Azərbaycanın diktəsi ilə yaşamaq, inkişaf etmək şansı qalıb. Bu gün onlar təxribatlar törətməklə heç nəyə nail olmayacaqlar:
“Əksinə daha da ağır vəziyyətə düşəcəklər. Çünki hazırda regionun heç bir dövlətinə bu ölkə ilə hər hansı bir iqtisadi əməkdaşlıq maraqlı deyil. Çünki Azərbaycan elə bir siyasət aparıb ki, regionda bütün iqtiqamətdə regional layihələrdə Azərbaycan mütləq şəkildə mövcuddur. Ona görə də Ermənistan yaxşı olardi ki, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparsın, delimitasiya üzrə işçi qrup yaradılsın və sülh müqaviləsinə hazırlıq işlərinə başlanılsın. Çənab prezidentin də qeyd etdiyi kimi Ermənistan Dağlıq Qarabağ terminini artıq bir dəfəlik arxivə atmalıdır. Çünki artıq Dağlıq Qarabağ deyə bir məfhum yoxdu. Ali baş komandanın dəmir yumruğu bu məfhumu bir dəfəlik məhv elədi. Ona görə də Ermənistan artıq düşmənçilik mövqeyindən əl çəkməklə qonşularla normal münasibət qurmalıdır. Onların 30 illik işğalçılıq siyasəti özlərini digər dövlətlərdən asılı vəziyyətə salıb. Bu gün Ermənistan müstəqil siysaət yürütmək iqtidarında olmayan bir dövlətə çevrilib”