Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın bu ölkənin İctimai Televiziyasına açıqlamaları regionda yaranmış yeni geosiyasi reallıqların tam qəbul edilməsi kimi dəyərləndirilməlidir. O, açıq şəkildə bildirir ki, erməni xalqı Qarabağ xülyasından əl çəkməlidir, əks halda, Ermənistanın mövcudluğu sual altına düşə bilər.

Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, bütün dünyanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bildirən Levon Ter-Petrosyan etiraf edir ki, Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etdi və buna görə də beynəlxalq ictimaiyyət Azərbaycanın bu addımlarını qınamadı:

“Sabiq prezident Azərbaycanın sülh və əməkdaşlıq mesajları verdiyini də vurğulayaraq bundan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə razılığa getməkdən başqa seçiminin olmadığını etiraf edir. O, xüsusən, Koçaryanın revanşist bəyanatlarını tamamilə əsassız və absurd hesab edib. Levon onu da etiraf edib ki, Qarabağda yeni bir müharibənin başlaması tamamilə istisnadır, çünki ərazidə sülhə zəmanətçi qismində Rusiya sülhməramlıları dayanıb. Bu, dolayısı ilə bundan sonra formalaşacaq hakimiyyətlərin Rusiyanın iradəsinin ziddinə addım atmayacağı anlamına gəlir.

Beləliklə, Levon Ter-Petrosyanın gəldiyi ümumi qənaət ondan ibarətdir ki, erməni xalqı qəflət yuxusundan ayılmalı və qonşu xalqlara qarşı ərazi iddialarından, düşmənçilik və revanş hissindən birdəfəlik əl çəkməlidir. Türkiyə və Azərbaycan Prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi də göstərdi ki, zaman Ermənistanın əleyhinə işləyir. Hər keçən gün Azərbaycanın mövqeləri daha da güclənir. İstər hərbi, istərsə də geosiyasi şərtlər Azərbaycanın xeyirinə dəyişib. Artıq Qarabağ adlı münaqişə yoxdur. Dünya birliyi də bu reallığı qəbul edir”.

C.Əhmədli bildirib ki, Azərbaycanın yaratdığı reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir: “Ermənistan isə döyüş meydanında tək qalıb. Buna görə də rəsmi İrəvan Azərbaycanın diqtə etdiyi şərtləri qəbul edib yeni vəziyyətə özünü uyğunlaşdırmalı, əks halda, istənilən qeyri-adekvat davranış ən sərt formada cavabını alacaq. Azərbaycan özünün milli təhlükəsizliyini təmin etmək məsələsində heç vaxt zərrə qədər də güzəştə getməyəcək. Üstəlik, artıq Türkiyə də Qarabağın təhlükəsizliyində təminatçı ölkələrdən birinə çevrilib. Beləliklə, Azərbaycana qarşı yeni bir müharibəyə başlamaq intihara bərabər addım hesab oluna bilər.

Yaxşı olardı ki, Ermənistanda digər siyasətçilər də yuxarıda qeyd olunan reallıqları öz xalqına təlqin edərdi. Bu gün erməni cəmiyyətində “azərbaycanlı” kəlməsi təhqir kimi qəbul olunursa, bunun günahı erməni siyasətçilərdir. Onlar öz xalqlarına qonşuları ilə əminamanlıq şəraitində yaşamağın zəruriliyini aşılamalıdırlar. Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik ideologiyası təbliğ etmək isə erməni xalqına yalnız bədbəxtçilik vəd edir”.

Teqlər: