Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, bu cinayətin ağır yükünü çəkməyə davam edəcək – Səfir

Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzeti Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş geniş məqalə çap edib. Fevral ayının 24-də dərc edilmiş məqalə “Xocalı: Azərbaycan xalqının fəryadı” başlığı ilə təqdim olunub.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, məqalədə 1988-ci ildən etibarən qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha sonra zorakılıq aksiyaları ilə müşayiət olunduğu bildirilərək, öz doğma vətənlərində azərbaycanlılara qarşı ermənilər tərəfindən ciddi təzyiq göstərildiyi, onları öz dədə-baba torpaqlarından didərgin salmaq üçün hər cür təxribata əl atıldığı, mülki vətəndaşların ən sadə məişət imkanlarından belə şüurlu şəkildə məhrum edildiyi nəzərə çatdırılıb. Bu sistemli təzyiqin ən şiddətli qəddarlıq mərhələsi kimi, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya soxularaq qanlı əməliyyat keçirdiyi, çox sayda insanın qətlə yetirildiyi və əsir götürüldüyü, qaçaraq canlarını qurtarmağa çalışan qadın və uşaqların isə dondurucu soyuq nəticəsində tələf olduğu vurğulanıb.

Məqalədə soyqırımdan sonrakı növbəti günlərdə yerli və xarici mətbuat işçilərinin, o cümlədən mərhum jurnalist Çingiz Mustafayevin qətliamın törədildiyi ərazilərə baş çəkdikləri, onların gördükləri mənzərədən dəhşətə gəldikləri qeyd olunub. Dünya ictimaiyyətinin Xocalıda törədilən cinayət barədə məlumatlı olduğu bildirilərək, bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının önəmli rol oynadığı, görülən işlər nəticəsində bu günə qədər 120 min insanın və 115 təşkilatın bu maarifləndirmə işinə cəlb olunduğu yazılıb.

Məqalədə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə də yer verilib. Səfir deyib: “Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, təkcə insanlıq əleyhinə olan bu cinayətin ağır yükünü çəkməyə davam etməyəcək, eyni zamanda özünü etibarlı qonşu statusundan məhrum edəcəkdir. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qarışıb. Regionumuzun əməkdaşlıq potensialında yeni və ümidverici səhifə açılıb. Hesab edirəm ki, Ermənistan cəmiyyəti fəal şəkildə yeni prosesə qoşulmaq, həmçinin sülh və əməkdaşlığa töhfə vermək üçün təcili olaraq öz keçmişindən Xocalı soyqırımında törədilmiş ləkəni təmizləməlidir”.

Qeyd etmək lazımdır ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, ən yüksək tirajla gündəlik dərc olunur.

Teqlər: