Ermənistan bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyir.
AzerTimes Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Lili Minasyan ATƏT Parlament Assambleyasının Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı deyib.
Ermənistan-Azərbaycan münasibətlərindəki son hadisələrdən danışan L.Minasyan deyib ki, bu ilin aprelində Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə başlayıb və bu, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi tərəfindən müsbət qarşılanıb. Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıması barədə ən yüksək səviyyədə razılığa gəliblər.
Deputatın sözlərinə görə, Ermənistan bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadratkilometrdən artıq ambisiyaya malik deyil. Ermənistan Respublikası Azərbaycanın Qazax vilayətinin dörd kəndində və Ermənistanın Tavuş vilayətində sərhədlərin müəyyənləşdirilməsi prosesini həyata keçirmək təşəbbüsü ilə bu yanaşmanı praktiki olaraq sübut edib.
“Müstəqil dövlətçilik dövründə ilk dəfə olaraq Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi müəyyən edilib. Ümid edirik ki, bütün sərhəd boyu demarkasiya prosesi ardıcıl olacaq və bütün mübahisəli məsələlər dinc danışıqlar yolu ilə həll ediləcək”, – deyə L.Minasyan vurğulayıb.