Ermənistanın Azərbaycanın suveren ərazisi ilə bağlı bəyanatlar verməyə əsası yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.
“Ermənistanın inadla istinad etdiyi qondarma “Dağlıq Qarabağ” artıq çoxdan inzibati-ərazi vahidi kimi mövcudluğunu dayandırıb. Otuz ilə yaxındır Ermənistanın qanunsuz işğalı altında olan bu ərazi Azərbaycanın ayrılmaz hissəsidir. Bu ərazinin hüquqi adı Qarabağ iqtisadi rayonudur. Ermənistan bu adı xatırlamalı və heç vaxt unutmamalıdır.
Ermənistanın Azərbaycanın suveren ərazisi və ya Azərbaycanın müstəsna hüquq, səlahiyyət və öhdəliklərinə aid olan məsələlərlə bağlı hər hansı bəyanat və ya şərh vermək üçün heç bir hüquqi, siyasi və mənəvi əsas yoxdur. Bunun əvəzində Ermənistan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşmalı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi əməl etməlidir”, – deyə bəyanatda qeyd olunub.