Ermənistan böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan bu gün düşdüyü rəzil durumdan və böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təşəbbüslərinə qoşulmalıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsindən sonra bölgədə yeni reallıqlar yarandı: “Azərbaycan yenə inkişaf edir, 30 il ərzində erməni işğalı altında qalan və darmadağın edilən ərazilərimizdə yenidənqurma və bərpa işləri aparılır. Azərbaycanda təkcə işğaldan azad edilən ərazilərimizdə deyil, digər bölgələrimizdə də inkişaf meyilləri nəzərəçarpacaq dərəcədə böyükdür.

Ermənistan isə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı üçün dalan bir ölkəyə çevrilmişdi, bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qalmışdı. İndi Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra pis vəziyyətdə olan Ermənistan daha da açınacaqlı vəziyyətə düşüb. Vətən mühaibəsindəki Ermənistanın acı məğlubiyyəti və rəzil duruma düşməsi məhz özlərinin işğalçılıq siyasətinin məntiqi nəticəsidir”.

C.Osmanov vurğulayıb ki, artıq yeni reallıqlar yaranıb: “Azərbaycan bölgədə həyata keçirilən bütün layihələrin təşəbbüskarı və onları reallaşdıran ölkədir. Acı məğlubiyyətdən sonra Ermənistanda bütün sahələrdə dərin böhran höküm sürür, anarxiya, xaos baş alıb gedir və bu böhran iyun ayında keçiriləcək parlament seçkiləri fonunda daha da dərinləşir və ölkədə vətəndaş qarşıdurması daha da şiddətlənir.

Əlbəttə, Ermənistanın bu rəzil durumdan çıxması, dünya ölkələrinə inteqrasiya etməsi, sivil bir ölkəyə çevrilməsi birbaşa Azərbaycanla bağlıdır. Ermənistan özünün revanşist düşüncələrini kənara qoyub və Azərbaycanla normal münasibətlər qurmağa çalışsa, Ermənistanın bugünkü çöküşü dayana bilər və Ermənistan da normal bir ölkəyə çevrilə bilər.

Bir sözlə, Ermənistanın yeganə çıxış yolu məhz Azərbaycandan keçir. Bu baxımdan, Ermənistan öz siyasətində ciddi dəyişikliklər etməlidir və Ermənistanın daxilində revanşist qüvvələr kənarlaşdırılmalı və sağlam düşüncə ilə reallığa uyğun addımlar atılmalıdır. Əks tədqirdə, onsuz da uçurum qarşısında olan Ermənistan tamamilə darmadağın olacaq və onun gələcəkdə dövlət kimi qalması böyük sual altına düşəcək”.

Twitter: @ElchinMehdiyev

Teqlər: