Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat vermək öhdəliyi götürüb

Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqlarının olduğu yerlər barədə Azərbaycana məlumat verəcəyi ilə bağlı öhdəlik götürüb.

Bu barədə AzerTimes-a Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

“Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Qeyd olunmalıdır ki, cari ilin fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib”, – Dövlət Komissiyasından bildirilib.

Qeyd edək ki, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Teqlər: