Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur

Ötən il Vətən Müharibəsi başlayan ilk gündən Ermənistan üçüncü tərəfi – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), dolayısı ilə Rusiyanı münaqişəyə cəlb etmək istəyirdi. İşğalçı dövlət bunun üçün əlindən gələni etdi ki, Rusiya bu təşkilat çərçivəsində müharibəni durdursun. Əsas “arqumentləri” də bu idi ki, guya, Azərbaycan Ermənistan ərazisinə təcavüz edir. KTMT nə etdi? Ədalətli olaraq bəyan elədi ki, müharibə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində gedir, buna görə ona qarşı heç bir müdaxilə edilə bilməz! Nəticədə, Azərbaycan müharibə yolu ilə işğalda olan torpaqlarını 44 günə azad edərək öz ərazi bütövlüyünü təmin etdi.

İndi isə Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi, delimitasiyası prosesi aparılır. Bütün bu olanlardan dərs çıxarmayan Ermənistan isə bu məsələdə də son mədətini üçüncü tərəfdən, Rusiyadan umur. Yenə də hansısa bəhanə ilə KTMT-ni məsuliyyətə cəlb etmək istəyir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan dünən Təhlükəsizlik Şurasının iclası zamanı bununla bağlı açıq mövqe sərgilədi. Bildirdi ki, Ermənistan KTMT mexanizmlərini işə salmağa davam etməlidir: “Ermənistan-Rusiya müttəfiq mexanizmlərinin işə salınması üzərində işimizi davam etdirməliyik. Mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər. Həm kommunikasiyaların açılması, həm də sərhədlərin dəqiqləşdirilməsi prosesi Ermənistana olduğu qədər Azərbaycana da lazımdır. Və sərhədlərin dəqiqləşdirilməsi baxımından belə bir nüans var: son günlər Azərbaycan sərhədlərin dəqiqləşdirilməsi prosesinin ikitərəfli formatda baş verməsi fikrini təbliğ etməyə çalışır. Ermənistan və Azərbaycanın bir-biriləri ilə münasibətləri yoxdur. Eynilə kommunikasiyaların açılması prosesi kimi, sərhədlərin dəqiqləşdirilməsi prosesi də üçtərəfli formatda baş verməlidir”.

Təbii ki, Paşinyanın dediyi kimi, Azərbaycan öz sərhədlərindən bir metr belə irəli getməyib, yəni Ermənistanın ərazisinə daxil olmaq kimi bir iddia kökündən absurddur. Burada söhbət ondan gedir ki, işğal dövründə Ermənistan qanunsuz olaraq özü üçün Dağlıq Qarabağla sərhəd müəyyənləşdirib, başqa sözlə, hazırda mübahisəsi gedən ərazilərə soxulub. Azərbaycan hərbçiləri isə müvafiq sənədlərə, xəritələrə, eləcə də GPS texnologiyasına əsaslanaraq öz sərhəd xəttini müəyyənləşdirir. Yəni Ermənistan ərazisinə “təcavüzdən” və ya bölgədə hansısa insidentdən söhbət belə getmir.

Məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də mövqe bildirdi. Dövlət başçısı mayın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığında vurğuladı ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Göründüyü kimi, sadəcə danışıqlar gedir və bu danışıqlarda KTMT çərçivəsindən kənar Rusiya da əlindən gələn dəstəyi göstərir. Elə bu gün rəsmi Moskva Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmədiyini bəyan etdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, V.Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir: “İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir. Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır”.

Bunun ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan elədi ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur. “Biz bu işdə onlara kömək göstərməyə, kartoqrafik materialları təqdim etməyə və məsləhət xidmətləri verməyə hazırıq” – deyə, Lavrov qeyd elədi.

Baxın, mövqelər açıq şəkildə ortadadır. Sərhəd xətti Ermənistanın ərazi iddiası ilə deyil, konkret materiallar və məsləhətləşmələr əsasında aparılır. Yəni müharibə dövründə olduğu kimi, indi də KTMT-nin müdaxiləsinə heç bir gərək və ya hüquqi bir əsas yoxdur. Sadəcə, Ermənistan həmişəki kimi hadisələrə “bir tük də qənimətdir” prinsipi ilə yanaşaraq, xüsusən də tarixən Azərbaycana məxsus olan Qaragöl qoruğunu öz nəzarəti altında saxlamaq istəyir.

Bu arada, xatırladaq ki, yüksək dağlıq ərazidə yerləşən Qaragöl Dövlət Qoruğu (İşıqlı dağı, hündürlüyü dəniz səviyyəsindən 2658 m) Azərbaycan SSR-i ərazisində Azərbaycan Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli fərmanı ilə yaradılıb. O vaxt bununla bağlı heç kim mübahisə etmədi, narazılıq ifadə etmədi, çünki təbii olaraq, müttəfiq respublika belə ərazi birləşmələrini yalnız öz torpaqlarında yarada bilərdi. Lakin 90-cı illərdə bütün Laçın bölgəsi ilə yanaşı, qoruq və göl də erməni işğalçı qüvvələri tərəfindən ələ keçirildi, təbii sərvətləri talan edildi. O vaxtdan Ermənistan Qaragölün heç olmasa bir hissəsinin öz ərazisində olduğunu iddia edir.

Yəni məsələ bu qədər sadə, bu qədər “mürəkkəbdir”.

Bir məsəl var – İt hürər, karvan keçər! Azərbaycanın karvanı isə çoxdan yola çıxıb…

Elgün Mənsimov
Trend

Twitter: @Elgun_Mensimov

Teqlər: