Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Ordusu hər zaman müharibəyə hazırdır. Bu gün Ermənistanda revanşist qüvvələrin səsləndirdiyi fikirlər və Qarabağda baş verən proseslər, Azərbaycan mövqelərinə atəşlərin açılması Ermənistan hökumətini bir daha düşünməyə vadar etməlidir. Çünki ermənilər zamanında etdikləri belə səhvlərin ağır nəticələrini gördülər.
Bunu AzerTimes-a hərbi ekspert Azər Bayramov deyib.
O qeyd edib ki, Ermənistan növbəti dəfə belə səhvə yol versə, daha böyük itkilər və fəlakət yaşaya bilər: “Ermənistan rəhbərliyi heç bir məntiqə sığmayan fikirlərindən əl çəksə və sülh müqaviləsini imzalamağa çalışsa, daha məqsədəuyğun olar”.
Hərbi ekspert əlavə edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət, döyüş üslubu dünyanın bütün ordularına nümunə olacaq şəkildə tarixə düşdü: “Burada döyüş taktikasından əlavə, bütün qoşun növlərinin birlikdə, mütəşəkkil və koordinasiyalı şəkildə işlədiyini gördük. Azərbaycan Ordusu 30 il ərzində ermənilər tərəfindən qurulan və keçilməz kimi qələmə verilən istehkamları qısa müddət ərzində darmadağın edərək keçdi və dünyanın öyrənə biləcəyi bir taktikanı ortaya qoydu. Azərbaycan müasir texnologiyalardan istifadə edərək unikal döyüş üslubundan istifadə etdi. Bu gün bütün dünya orduları bu taktikanı öyrənməyə çalışır. Ermənistan bütün bunları nəzərə alaraq öz təxribatçı əməllərindən əl çəkməlidir”.