Ermənistan baş qərargahından etiraf: Erməni hərbçiləri azərbaycanlı əsgərləri mühasirəyə almağa çalışıb

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Edvard Asryan etiraf edib ki, erməni hərbçiləri guya yeni mövqeləri təchiz etmək məqsədilə azərbaycanlı əsgərləri mühasirəyə almağa çalışıb.

Trend bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

O bildirib ki, Azərbaycan ordusu kəşfiyyat vasitələrinin köməyi ilə ermənilərin hərəkətini vaxtında görüb və “həmin hadisələr” baş verib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb.

Teqlər: