Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq
Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı
səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə
bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki
dövlət arasında münasibətlərin normallaşması məsələsində
səmimiyyətdən uzaq olduğunu göstərir.
Trend xəbər verir ki bunu Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri
N.Paşinyanın Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda
çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini
işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm
30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də
üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən
Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını,
minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və
beləliklə də mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün
Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin
diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi ümumiyyətlə,
mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə
beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan
mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən
xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Ümumiyyətlə, Ermənistan
tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi
qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın
imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq
öhdəliyi idi”, – L.Abdullayeva qeyd edib.
XİN rəsmisi bildirib ki, üçtərəfli bəyanat imzalandıqdan bu
günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı
olub:
“Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən
Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki
dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına
çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə
nəticəsində 10 nəfər minalardan xəsarər alıb.
30 ilə yaxın Ermənistan tərəfindən darmadağın edilən əraziləri
hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində
torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını
təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki
geniş miqyaslı mina problemi köçkünlərin öz evlərinə tez
qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə
Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və
dağıdıcı, pozucu fəaliyyətdir.
Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı
humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri
qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan
rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz
şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda
saxlanma səbəbini anlasın.
Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib
hissəsini təşkil edir və məhz buna səbəbdən Azərbaycan hər zaman
humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44
günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada
humanitar addımlar atıb. Lakin, Ermənistan tərəfi nəhayət başa
düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək
lazımdır.
Lakin, Ermənistan Baş nazirinin Azərbaycana qarşı hələ də
əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə
keçmək istəyini ciddi sual altına alır”, – L.Abdullayeva
vurğulayıb.