Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərsə, Azərbaycanın da analoji addım atmaq hüququ var – İqor Korotçenko

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V
Qurultayında çıxışı zamanı bildirib ki, əgər İrəvan sülh
müqaviləsindən imtina etsə, onda biz də Ermənistanın ərazi
bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik.

Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş
redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko Trend-ə bildirib ki, sülh
müqaviləsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın
Azərbaycan olmasını tanımasını əks etdirməlidir.

“Bu, yəni qonşulara torpaq iddiasından imtina sülh müqaviləsi
ilə yanaşı, Ermənistan konstitusiyasında da əks olunmalıdır.
İrəvanın sülh sazişindən imtinası Azərbaycanı da ümumilikdə analoji
vəziyyətə qoyur, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü
tanımazsa, Azərbaycan niyə Ermənistanın ərazi bütövlüyünü
tanımalıdır. Burada qarşılıqlılıq prinsipi işləməlidir. Bu,
beynəlxalq diplomatiyanın baza prinsipidir. Və əgər Ermənistan
mövcud reallıqları tanımaqdan imtina edərsə, Azərbaycanın da
analoji addım atmaq hüququ var. Nəzərə alsaq ki, Prezident İlham
Əliyev ixtisasca diplomatdır, beynəlxalq diplomatiyanın
bilicisidir, onun mövqeyi hüquqi baxımdan tamamilə düzgündür və
Ermənistandakı bütün siyasi qüvvələri qarşıdurma deyil, realizm
yolunu seçməyə vadar etməyə yönəlib. Çünki qarşıdurma Ermənistanı
proqnozlaşdırılmayan, kədərli fəsadlara gətirib çıxara bilər”, –
deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasi elitasının bir hissəsi
əvvəlki kimi revanşa və bu revanşda xarici qüvvələrin dəstəyinə
köklənib.

“Xarici qüvvələr qismində bəzi ölkələrin destruktiv
siyasətçiləri çıxış edir. Onlardan bəziləri ya korrupsionerdir, ya
da erməni lobbisinin maraqlarını əks etdirir. Amma erməni
lobbisinin özü də, ABŞ və ya Fransadkı erməni diasporları
destruktiv revanşist mövqedən çıxış edir”, – İ.Korotçenko
deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi Ermənistan
iqtisadiyyatının daha səmərəli işləməsi üçün şansdır.

“Sülh müqaviləsi qarşıdurmanın sonudur, sərhədlərin açılması və
nəqliyyat-logistika, iqtisadi layihələrdə fəal iştirak deməkdir.
Ona görə də sülh müqaviləsi Ermənistan üçün öz maraqları baxımından
vacibdir. İqtisadiyyat istənilən ölkənin səmərəli funksiyası üçün
təməldir, ona görə də Azərbaycanla sülh müqaviləsi Ermənistan
iqtisadiyyatının daha səmərəli işləməsi, dövlət büdcəsinin dolması,
erməni əhalinin həyat şəraitinin yaxşılaşması üçün şansdır. Onun
üçün də Ermənistan sülh müqaviləsində hətta Azərbaycandan daha çox
maraqlı olmalıdır”, – ekspert qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: