Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməli və
beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığının tanınması əsasında tam
normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq
aparmalıdır.
AzerTimes-ın məlumatına görə, bu
barədə Böyük Britaniyada geniş oxucu kütləsinə malik “PoliticsHome”
xəbər saytında Azərbaycan və Ermənistan arasında postmünaqişə
vəziyyətinə dair dərc olunan məqalədə deyilir.
Məqalənin müəllifi Böyük Britaniya Parlamentinin Azərbaycan
qrupunun sədr müavini Lord Kilklunidir. Məqalə bu günlərdə məşhur
ermənipərəst Baronessa Koksun müəllifliyi ilə adıçəkilən saytda
dərc edilib və özündə Azərbaycan əleyhinə əsassız iddiaları ehtiva
edən yazıya cavab olaraq hazırlanıb.
Məqalədə qeyd olunub ki, 1990-cı illərdə Ermənistanın
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hücumu
nəticəsində iki ölkə arasında münasibətlər gərginləşib.
Diqqətə çatdırılıb ki, 1992-ci ilin fevralında Xocalı şəhərində
qocalar və uşaqlar da daxil olmaqla, 600-dən çox dinc əhalinin
vəhşicəsinə qətlə yetirilməsi Ermənistanın işğal etdiyi Azərbaycan
ərazilərində həyata keçirdiyi sistematik etnik təmizləmə siyasətini
əks etdirir. Ermənilərin hərbi təcavüzü nəticəsində bir milyona
yaxın azərbaycanlı yurd-yuvasını tərk edərək öz ölkələrində məcburi
köçkün vəziyyətinə düşməyə məcbur olub.
Müəllif məqalədə bildirib ki, ərazi bütövlüyünün və
suverenliyinin qorunmasına tam sadiq bir ölkə kimi Azərbaycan
Ukrayna xalqını 10 milyon avrodan çox dəyərində həyati vacib tibbi
ləvazimatlarla təmin etməklə yanaşı, Ukrayna və Rusiya arasında
birbaşa danışıqların Bakıda keçirilməsini təklif edib. Bu,
Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan, öz
ərazilərində iki Rusiya hərbi bazasına ev sahibliyi etməkdə davam
edən və regionda onun forpostu kimi effektiv fəaliyyət göstərən
Ermənistanın siyasəti ilə kəskin ziddiyyət təşkil edir.
Lord Kilkluni, 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan
sonra Azərbaycanın münasibətləri normallaşdırmaq, həm
azərbaycanlıların, həm də ermənilərin xeyrinə regionun yenidən
qurulması ümidi ilə Ermənistana dostluq əlini uzatdığını
bildirib.
O, məqaləsində yazır ki, bu yaxınlarda Azərbaycan Ermənistana
hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş
prinsip təklif edib. Bununla belə, Ermənistan partlamamış qurğular
nəticəsində onlarla mülki şəxsin ölümünə və yaralanmasına səbəb
olan dəqiq mina xəritələrini və digər müvafiq məlumatları
Azərbaycana təqdim etməyib. Bu, beynəlxalq humanitar hüquq
öhdəliklərinin açıq şəkildə pozulması deməkdir. Onlar, həmçinin
Azərbaycanın 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra itkin
düşmüş 4000 azərbaycanlının yeri ilə bağlı məlumatların
paylaşılması tələblərinə də susurlar.
Lord Kilkluni məqaləsində Ermənistanın 2020-ci ildə üç ölkə
arasında imzalanan sazişi pozduğunu, regional nəqliyyat
marşrutlarının və Zəngəzur dəhlizinin açılmasına mane törətməyə
davam etdiyini qeyd edib.
L. Kilkluni yazısında deyib: “Mən Böyük Britaniyanın maraqları
üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunun yenidən
qurulması cəhdlərini qətiyyətlə dəstəkləyirəm. Rusiya və Ukrayna
arasındakı gərginlik, Ermənistan və Azərbaycan arasında olan
münaqişə də daxil olmaqla, davamlı həll yollarının yaradılmasının
vacibliyini nümayiş etdirir. Ermənistan Azərbaycandan gələn təklifi
qəbul etməli və beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin toxunulmazlığının tanınması əsasında
tam normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq
aparmalıdır.”
Sonda Lord Kilkluni Böyük Britaniyanın hər iki tərəfi müsbət və
konstruktiv şəkildə məşğul olmağa təşviq edərək, bu normallaşmaya
töhfə vermək üçün əlindən gələni etməli olduğunu qeyd edib.