Ermənistan Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir

Aprelin 16-da Kəlbəcər rayonunun Günəşli kəndinin bir qrup
sakinin doğma yurdlarına ziyarəti zamanı sıx yaşayış evləri olan
kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb.

Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının
nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət, ümumilikdə
20 nəfər iştirak edib. Heyəti daşıyan avtobus yolunun üzərindəki
tank əleyhinə minanı qəhrəman minaaxtaran əsgər Mərdəli Fərhad oğlu
Aşurov aşkarlayıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina bura
2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə – Kəlbəcərin təhvil
verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə
qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) şöbə
müdiri Sənan Hüseynov bildirib ki, aprelin 8-də Ağdaban facisənin
30-cu ildönümü ilə əlaqədar həmin faciədə şəhid olan dinc
sakinlərin yaxınlarının ailə üzvlərinin Ağdabana səfərini təşkil
edilib. Aprelin 16-da isə Tunel qırğınında şəhid olan insanların
yaxınlarının ailə üzbvlərinin həmin ərazilərə səfəri təşkil
edildi.

“Orada səfər edənlər iki qrupa bölündü. Bir hissəsi Başlıbel
faciəsinin ildönümü ilə əlaqədar həmin əraziyə, digər bir hissəsi
isə Günəşli kəndinə getdi. Daha sonra qəbiristanlıq ziyarət edildi.
Qayıdarkən tunel qırğınında həm atası, həm bacısı şəhid olan,
bacısı uşağı isə əsr götürülən Mirzəyev Əfsər adlı şəxs və orada
doğma yurdları olan bir qrup sakin öz evlərini ziyarət etmək
istədikdə minaaxtaranlar yolun üzərində tank əleyhinə mina
aşkarladı və faciənin qarşısı alındı. Ermənistan mülki əhaliyə,
Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir. Ermənilər
30 illik işğal dövründə orada saysız-hesabsız vandalizm aktı
törətməklə yanaşı, Kəlbəcəri tərk edən zaman insanlıq əleyhinə
cinayət törədərək kəndi minalayıb çıxıblar. Ermənistanın bunu
etməkdə niyyəti dinc əhalinin geri dönüşünə əngəl yaratmaqdır”, –
deyə o qeyd edib.

Şəhid yaxını Quliyev Rza da Trend-ə açıqlaması zamanı bildirib ki, Tunel
faciəsində şəhid olanları yad etmək üçün həmin əraziyə səfər
edilib.

“Səfərdən geri dönərkən Günəşli kəndində bizimlə birgə olan
minaxtaranlar yolun üzərində tank əleyhinə mina aşkarladılar.
Onların sayıqlığı nəticəsində faciənin qarşısı alındı və oradan
çıxa bildik. Bu, erməni vəhşiliyinin bir nümunəsidir. Kəlbəcəri
tərk etməzdən əvvəl yaşayış məntəqlərinə minaların basdırılması
onların niyyətlərinin hər zaman pis olduğunun göstəricisidir”, –
deyə o əlavə edib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək
Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000
hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd
piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış
döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757
ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə
mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.

Teqlər: