Ermənistan Azərbaycan ərazisinə gizli silahlılar göndərməklə “özünəqəsd” hazırlayır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənilər yenə öz terrorçu xislətinə sadiq qalaraq hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə yerləşdirməyə çalışır. Bu bir daha Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur, çünki başqa ölkə ərazisinə qanunsuz şəkildə silahlılar göndərmək terror əməlidir və həmin silahlılar da terrorçulardır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ermənilər öz terrorçu dəstələrini Azərbaycan ərazilərinə hiyləgərlik yolu ilə göndərməyə cəhd edir: “Xarici İşlər Nazirliyinin BMT Baş katibinə göndərdiyi məktubda da bildirilir ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə göndərir”.

A.Həsənova vurğulayıb ki, Ermənistanın bu əməlləri bir daha göstərir ki, onlar regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyillər, öz çirkin əməllərindən, absurd iddialarından əl çəkməyiblər: “Ermənistan tərəfi öz ağılınca düşünür ki, guya mülki geyimdə öz hərbçilərini Azərbaycan ərazilərinə göndərəcək və bundan heç kimin xəbəri olmayacaq. Bu istiqamətdə cərəyan edən hadisələr eyni zamanda ərazidə Rusiya sülhməramlılarının öz öhdəliklərinin icrasını sual altında qoymaqdadır. Belə ki, üçtərəfli razılaşmanın 4-cü bəndində ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulmuş, eyni zamadna razılaşmanın səmərəliliyinin artırılması üçün nəzarət finksyası hazırda bölgədəki Rusiya Federasiyasının sülhməramlı kontingentinə həvalə edilmişdir. Həmin sülhməramlıların ”nəzarəti”ndən yayınmaqla Azərbaycanın suveren ərazisinə silahlılar göndərilməsi təbii ki, daha əvvəl olduğu kimi təhlükəsizliyimizin qorunması məqsədi ilə müzəffər ordumuzun lazımi cavab tədbirlri ilə nəticələnəcək. Nəzərə alınmalıdır ki, bizim praktiki olaraq həmin ərazilərə kimin gəlməsini və getməsini adbaad bildiyimiz halda, bu cür “nəzarətdən yayınma” hallarının baş verməsi Rusiya Federasiyasının sülhməramlı kontingentinin fəaliyyətinə ləkə, dövlətimiz üçün isə təhlükədir.

Cənab Prezident beynəlxalq media nümayəndələrinə müsahibəsində də bildirdi ki, “bizim üçün Dağlıq Qarabağ məsələsi həmişə bir nömrəli məsələ olub və bu gün də belədir. Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bilərdimi? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik.”

Göründüyü kimi Azərbaycan həmin ərazilərdə nələrin baş verməsi barədə dəqiq məlumata malikdir. 44 günlük Vətən müharibəsində şanlı qələbə nəticəsində noyabrın 10-da Ermənistan kapitulyasya razılaşmasına imza atdı və bununla da Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmağı öz öhdəsinə götürdü. Azərbaycan müharibədə Ermənistan ordusunu məhv etdi və əlbəttə ki, bundan sonra Ermənistan açıq şəkildə bizim ərazilərimizdə silahlı qüvvələrini saxlamağa cürət edə bilməz. Lakin Ermənistan öz terrorçu xislətini davam etdirərək indi də gizli yollarla silahlı dəstələrini bizim ərazilərimizdə yerləşdirməyə çalışır.

Ancaq bu özü böyük ağılsızlıqdır, oraya göndərilən hərbçilər ölümə məhkumdur. Qüdrətli Azərbaycan Ordusu onları ya terrorçu kimi məhv edəcək, ya da tutub Azərbaycan qanunlarına uyğun cinayət məsuliyyətinə cəlb edəcək. Necə ki, eyni halı biz artıq müşahidə etmişik. 26 noyabrda Ermənistandan Azərbaycan ərazisinə qanunsuz olaraq göndərilən hərbçilərin bir hissəsi məhv edildi, digərləri də saxlanıldı. Azərbaycan ərazisinə qanunsuz göndərilən hərbçiləri yalnız iki tale gözləyir – ya ölüm, ya da cinayət məsuliyyətinə cəlb edilmək.

Ermənistan anlamlıdır ki, hazırda ermənilərin yaşadığı Xankəndi, Xocavəndin, Əsgəranın, Xocalının bir hissəsi, bir sözlə Qarabağın bütün ərazisi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və o ərazilərdə mütləq Azərbaycanın yurisdiksiyası bərpa ediləcək. Ermənistan bunu qəbul etməli və öz çirkin əməllərindən əl çəkməlidir. Bu əməllər Ermənistan üçün yalnız ciddi problemlər yaradacaq. Çünki hansısa revanşist xülyaları və ya 10 noyabr razılaşmasının həyata keçirilməsinə mane olmaq Ermənistan üçün sadəcə intihardan başqa bir şey deyil”.

Teqlər: