Ermənistan acı məğlubiyyətdən nəticə çıxarmır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelərin Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulması və Ermənistanın uğradığı acı məğlubiyyətdən nəticə çıxarmadığını göstərir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, noyabr razılaşmasından sonra Ermənistan hansısa təxribata, revanşist fəaliyyətə yol verməməli idi:

“Daha çox düşdükləri ağır vəziyyətdən çıxmaq, yeni əməkdaşlıq formatları barədə düşünməli idi. Ancaq bunun əksini görürük.

Azərbaycanın əməkdaşlıq əlaqələrinin qurulması, kommunikasiyaların açılması istizamətində fəaliyyət göstərdiyi bir zamanda belə hadisə qəsdən törədilən təxribatdan başqa bir şey deyil.

Görünən odur ki, Ermənistan yenə əvvəlki çirkin əməllərindən qalmır, təxribatlar törədir. Tez-tez Ermənistanda ölkə rəhbərliyi, ayrı-ayrı müxalif partiyalar tərəfindən Azərbaycana qarşı revanşist bəyanatlar səsləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif görüşlərdə dəfələrlə vurğulayıb ki, əgər Ermənistan yenidən təxribatlar törətməyə çalışsa bunun qarşısı qətiyyətlə alınacaq. Azərbaycan qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün bütün zəruri addımları atacaq. Ermənilər bunu nəzərə almalıdırlar.

Ancaq biz nəyi müşahidə edirik. Azərbaycan tərəfindən axtarışa elan olunmuş, qondarma rejimin rəhbəri müharibə cinayətkarı Araik Arutunyan Moskvaya səfər edir. Regionda əməkdaşlıqla bağlı geniş müzakirələrin aparıldığı bir zamanda bu səfəri kimlər təşkil edir və məqsədi nədir? Qondarma rejimin təxribatçı fəaliyyətinə dəstək vermək? Separatizmə və hərbi cinayətlərə yenidən dəstək olmaq?

Maraqlıdır cinayətkar A.Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib?”.

Deputat vurğulayıb ki, müharibə cinayətkarının hər hansı ölkəyə səfəri dözülməz haldır:

“A.Arutunyan o şəxsdir ki, müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib və bu dırnaqarası qəhrəmanlıq barədə ağızdolusu danışıb. Separatizmin nə olduğunu öz təcrübəsində görən və acısını yaşayan Rusiyaya belə cinayətkar şəxslərin səfəri başadüşülən deyil.

Onu da qeyd edək ki, Arutunyanın Rusiyaya səfəri həm də Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır. Sülhməramlı kontingentin fəaliyyətinin nədən ibarət olduğu beynəlxalq hüquqda əksini tapıb. Burada əsas məqsəd sülhün və təhlükəsizliyin təmin olunması olmalıdır, müharibə cinayətkarlarını və separatizmi dəstəkləmək yox. Azərbaycan bu fəaliyyəti gözləyir və baş verəcək bütün təxribatların qarşısını almağa hazırdır”.

Teqlər: