Son günlər cəmiyyətdə ən çox verilən suallardan biri də budur: Birincisi, yerdə qalan 4 kənd – Kərki və Qazaxın 3 kəndi Azərbaycana geri qaytarılacaqmı? Qaytarılsa, bu nə vaxt baş verəcək?! İkinci sual isə əgər bu kəndlər qaytarılsa, onda biz də Başkəndi Ermənistana verməliyikmi?!
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev qeyd edib.
O bildirib ki, məsələyə bizim reparasiya nöqtəsindən yanaşmağın tərəfdarıdır:
“Ermənistan keçmiş Dağlıq Qarabağı, ətrafındakı əraziləri işğal edib və bizə sülh qarşılığı olaraq Dağlıq Qarabağdan daimi imtina etməyi, Kəlbəcər və Laçını da buraya daxil etməyi şərt qoymuşdu. İndi isə biz bu müharibədə qalib gəlmişik, Ermənistan biabırçı şəkildə məğlub olub. O halda sülh niyə “müftə” olmalıdır? Ermənistan bizim öz ərazimizdə sülh üçün bizdən Dağlıq Qarabağı, Laçın və Kəlbəcəri istəyirdisə, biz niyə Ermənistanın 29.7 kvadrat kilometrini tanımaq üçün ən azı Başkəndi istəməyək?!
Nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə qalıb dövlət kimi Başkəndi tələb etmir. Qarabağın infrastrukturuna vurulmuş milyardlarla dəyəri olan zərər, Qarabağın ekologiyasına vurulmuş zərər və daşınmış qiymətli metallar və materiallar, müharibə cinayətləri, 30 il ərzində bir milyon qaçqın və məcburi köçkünnin yaşadığı maddi və mənəvi çətinliklər Ermənistanı müttəhim kürsüsünə əyləşdirmək üçün kifayətdir. Elə təkcə müharibə səbəbkarı olmaq, təcavüzkarlıq özü maddi, mənəvi və ərazi təzminatı, reparasiya üçün səbəbdir.
Ancaq məhəlli reallığı da nəzərə almaq lazımdır. Ən azından indiki siyasi və beynəlxalq konyuktura yerdə qalan 4 kəndin qaytarılması üçün uyğun deyil. Bunun üçün Ermənistan ilə siyasi, iqtisadi, vətəndaş cəmiyyəti əlaqələrinin inkişaf etməsi və yaxud beynəlxalq geopolitik vəziyyətin şərtlərinin bizim xeyrimizə dəyişməsi lazımdır. Bu səbəbdən bir müddət digər 4 kənd və Başkənd məsələsinin əsas müzakirə mövzusu olmayacağını düşünürəm”.