Ermənistan çox kiçik ölkədir. Orada 17 min avtomatın itməsi demək olar ki, mümkünsüzdür. Ehtimal ki, bu silahlar Ermənistan hakimiyyətinə yaxın olan qüvvələr tərəfindən ölkədən çıxarılıb.
Bu sözləri AzerTimes-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusuna aid 17 min ədəd “Kalaşnikov” markalı avtomat silahının itməsi ilə bağlı müzakirələri şərh edərkən deyib.
Ekspert bu silahların məqsədli şəkildə ölkədən çıxarıldığını və terror təşkilatlarına verildiyini ehtimal etdiyini vurğulayıb:
“Ola bilsin, bu silahlar Ermənistan rəhbərliyinin müxtəlif illərdə yaxından əməkdaşlıq etdiyi ASALA terror təşkilatına və ya onun uzantılarına göndərilib. Müzakirələrdən belə məlum olur ki, sözügedən silahlar müharibə başa çatdıqdan sonra yoxa çıxıb. ASALA-dan başqa bu silahların PKK-ya verilməsi də istisna deyil. Çünki onlarla da Ermənistanda müxtəlif vəzifəli şəxslər çox yaxından əməkdaşlıq edir”.
Qeyd edək ki, Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı.