Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir – Deputat

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu Ermənistan ordusunu darma-dağın edərək təslim aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəaları əsasən yerinə yetirilir. Ancaq Ermənistan hələ Azərbaycan ərazisinin bir hissəsində hərbi qüvvələrinin və burda yaradılmış qeyri-qanuni rejimin saxlanması məqsədilə fəaliyyətini davam etdirir, öz mövqeyini Azərbaycana qarşı yalan, böhtan və saxta məlumatlarla “əsaslandırmağa” çalışır.

Bunu AzerTimes-a deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizi hərbi təcavüz törətməkdə, mülki əhalini hədəfə almaqda, hərbi cinayyətlər və insanlığa qarşı cinayətlər törətməkdə, hərbi əsirləri saxlamaqda ittiham edir. Belə yalan, böhtanla dolu saxta məlumatları Avropa ölkələrinin hakim dairələri arasında və beynəlxalq təşkilatlarda yaymaqla Ermənistanın lobbiçi-təbliğat maşını “Dağlıq Qarabağın” statusunun müəyyən edilməsinin vacibliyi adı altında Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına yönələn yeni kampaniyaya dəstək qazanmağa çalışır:

“”Dağlıq Qarabağın” statusunun müəyyən edilməsi ideyasının dəstəklənməsi Azərbaycan tərəfindən separatçılığa dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəkdir. Azərbaycan bütün maraqlı tərəfləri 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinə dəstək verməyə çağırır. Ermənistan və onun havadarları bilməlidirlər ki, “Dağlıq Qarabağın” statusu deyilən bir məsələ artıq yoxdur.

Ermənistan 10 noyabr tarixli bəyanatda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməli, o cümlədən Azərbaycan ərazisinə diversiya-terrorçu qruplarını göndərməyi dayandırmalı, hərbi əsirləri, saxlanan şəxsləri və həlak olmuş hərbçilərin cəsədlərini qaytarmaqla bağlı öz öhdəliklərini tam şəkildə yerinə yetirməli, Azərbaycan ərazisində öz hərbi qüvvələrinin saxlanılması və təmin olunması üçün Laçın dəhlizindən istifadə etməyə son qoyulmalıdır. Laçın dəhlizi ancaq hümanitar məqsədlər üçün istifadə olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 dekabr 2020-ci il tarixdə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə onların müraciətlərinə əsasən keçirilən görüşdə qeyd etmişdir ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan xalqının əzmi, həmrəyliyi, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”.

Teqlər: