Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır – RƏSMİ ETİRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsindəki acı məğlubiyyətdən özünü üzüağ çıxarmaq üçün etiraf yolunu tutub. Belə demək mümükünsə, Ermənistan iqtidarında qarşılıqlı ittihamla hərbi və siyasi hakimiyyətin paxırı açılır. Hətta istər siyasi, istər hərbi, istəsə də iqtisadi cəhətdən Azərbaycanın gücü, Ermənistanın isə acizliyi rəsmi səviyyədə dilə gətirilir. Bununla bağlı ölkə parlamentinin iclasında Nikol Paşinyanın dünənki etirafları xüsusilə diqqət çəkir.

Baş nazir ölkənin silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyanı növbəti dəfə ittiham elədi. Dedi ki, sabiq rəis müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etməyib. “Söhbət sentyabrın 30-da keçirilmiş Təhlükəsizlik Şurasından gedir. Baş qərargah rəisi elə bir söz deməyib, bu, rəsmi şəkildə qeydə alınıb, iclasın stenoqramları da mövcuddur. Qasparyan həmin iclasda deyib ki, ordu bütün tapşırıqları yerinə yetirir, düşmən heç bir uğur əldə etməyib”.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Onik Qasparyan açıqlama verərək müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etdiyini, əks təqdirdə, Ermənistan ordusunun ağır itkilər verəcəyini demişdi.

Buradan belə çıxır ki, baş qərargah rəisi Paşinyanı aldadıb. Əks təqdirdə, daha ciddi itkilərə məruz qalmamaq üçün Paşinyan müharibəni daha erkən dayandıra bilərdi. Hər halda, öz dediyindən belə çıxır.

Gələk digər etiraflara, Ermənistan Baş naziri Nikol Paşinyan həm də belə bir ifadə işlətdi – “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı” – Azərbaycanın müdrik və uzaqgörən siyasətinin rəsmi etirafı…

O, həmçinin bildirdi ki, kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistan şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qalıb. Paşinyan Ermənistanda hərbi sənaye sisteminin 2016-cı ilin aprelindən, yəni Azərbaycandan düz 11 il geri qalmaqla formalaşmağa başladığını da vurğuladı: “2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkünsə, orada torpaq sahələri aldı”.

Ardınca Paşinyan əlavə etdi ki, keçmiş rəhbərlik (Koçaryan və Sarkisyan-müəl.) dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə qədər də davam edir.

Baş Nazirin daha bir etirafı Lələtəpə yüksəkliyinin itirilməsi ilə bağlı idi. “İkinci Qarabağ müharibəsi zamanı Lələtəpə yüksəkliyinin geri qaytarılması barədə əmr verdiyim iddiaları absurddur” deyən Paşinyan bu məsələdə generalları ittiham etdi:

“Deyirlər ki, guya belə bir qərar vermişəm. Serj Sarkisyanın (Ermənistanın keçmiş prezidenti – müəl.) 2016-cı ildə təslim etdiyi Lələtəpəni mən guya, 2020-ci ildə geri qaytarmağı əmr etmişəm və bu uğursuz əməliyyat zamanı 700 hərbçi həlak olub. Bu, cəfəngiyatdır”.

Paşinyan bildirib ki, Lələtəpənin geri qaytarılması üçün əməliyyat təklifi ordunun generallarından gəlib. Həmin generallar iddia ediblər ki, bu əməliyyat vacibdir.
“Təklif o vaxt bu qərarı həyata keçirmək imkanı olan generallar tərəfindən verildi. Müzakirələrdə sadəcə iştirak etdim və heç fikir bildirmədim” deyən Paşinyan, müzakirələrdən sonra belə bir əməliyyatın mümkün olduğu barədə məlumatlandırıldığını qeyd edib.

Xatırladaq ki, bundan öncə Ermənistan mətbuatı yazmışdı ki, Paşinyanın ordunun komanda məntəqəsinə gedən həyat yoldaşı Anna Akopyan Lələtəpənin ələ keçirilməsini tələb edib.

Beləliklə, Paşinyanın özünü təmizə çıxarmaq çabaları və bütün baş verənlərlə bağlı məsuliyyəti köhnə iqtidarın üzərinə atması, əslində, bir qədər doğru yoldur. Xüsusən də Ermənistanın Azərbaycandan 10-1 hesabı ilə geridə qalması etirafına haqq qazandırmamaq olmur. Adam hakimiyyətini qoruyub-saxlamaq üçün bəzi reallıqları açıb-tökmək məcburiyyətindədir. Lakin Ermənistanın keçmiş xunta rejimi, Sarkisyan-Paşinyan mafiyası da boş oturmur. Hər vəchlə Paşinyanı aşağılayır və yarıtmazlıqda ittiham edirlər. Bizə isə bir qədər səbr etmək və bu ixtilafın hara qədər gedəcəyini müşahidə etmək qalır…

Elgün MƏNSİMOV
Trend

Teqlər: