ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendesin dünən səsləndirdiyi fikirlər ümumilikdə erməni diasporunun Azərbaycana qarşı hansı məsələlərdən istifadə etdiyini göstərir. Menendesin 907-ci düzəlişi yenidən gündəmə gətirməsini isə məqsədli şəkildə etdiyini düşünürəm.
Bu sözləri AzerTimes-a ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Cənubi Qafqazla bağlı keçirilən dinləmələri haqqında danışan politoloq Fərhad Məmmədov deyib.
Politoloq Ermənistan və erməni lobbisinin Azərbaycan-ABŞ əlaqələrini pozmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini bildirib:
“ABŞ-ın Azərbaycana hərbi sahədə yardımlarının isə hər zaman sərhədlərin mühafizəsi sahəsində mövcud olan ikitərəfli əməkdaşlığın tərkib hissəsi olduğu vurğulanıb. Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin ermənipərəst Bob Menendesin 907-ci düzəlişin aktivləşdirilməsi ilə bağlı fikirlərinə cavabında İranın adını çəkməsi də yeni ortaya çıxan məsələ deyil. Ermənistan və erməni lobbisi bütün sahələrdə Azərbaycanın ABŞ-la əlaqəsinin məhdudlaşdırılmasını, xüsusilə hərbi əməkdaşlığın tamamilə aradan qaldırılmasını əsas məqsəd və hədəflərdən biri kimi görür, bəhanə kimi isə ölkəmizə edilən hərbi yardımların onlara qarşı istifadə məsələsini göstərirlər. Əgər hazırda Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası məsələsi gündəmdədirsə və həssasdırsa, ABŞ-ın Azərbaycanla əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etməsi təbiidir. Çünki hərbi sahədə yardımların hansı istiqamətdə istifadə edilməsini Azərbaycan özü müəyyənləşdirir. Əlbəttə ki, dövlətimiz özünə əsas təhdidi İran və Ermənistandan görürsə, sözügedən vasitələr də həmin təhdidlərin aradan qaldırılması üçün istifadə olunacaq. Qeyd etdiyimiz istiqamətdə əlaqələrin davam etdirilməsi haqqında qərarı ABŞ Dövlət Departamenti və Co Bayden verməlidir. Donfridin ikitərəfli əməkdaşlığın rəsmi Vaşinqtonun milli mənfəətlərinə uyğun olması haqqında cavabı isə onların artıq öz qərarını verdiyini göstərir”.